Cibgir: "Kənardan hiss etdim ki, bir nəfər gördü və səs-küy saldı"

Gədəbəydə cibgirliklə məşğul olan şəxs saxlanılıb. APA TV-nin qərb bürosunun məlumatına görə, Gəncə sakini, 40 yaşlı Alim Məmmədov oktyabr ayının 25-də səhər saatlarında Gədəbəy rayonuna gedərək oradakı, mal-heyvan bazarında qiymətlərlə maraqlanıb.

 

Cibində pulu olmayan Məmmədovun əslində məqsədi mal-qara almaq yox, cibində pul olan şəxsləri müəyyən etmək olub. Bir qədər bazarı gəzən Alim Məmmədov Goranboy sakini Kamil Məmmədovun cibində xeyli miqdarda pul olduğunu görüb və az müddətdə 1300 manatdan çox nəğd pulu cibgirlik yolu ilə ələ keçirib.

 

Müstəntiq Şahin Rzayevin sözlərinə görə, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları tez bir zamanda Alim Məmmədovu saxlayıblar: "Goranboy rayon sakini, hal-hazırda Gədəbəydə yaşayan Kamil Məmmədovun cibindən 1382 manat pulu oğurlayan Gəncə sakini Alim Cabir oğlu Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı oğurladığı pul maddi sübut kimi götürülüb".

 

Əvvəllər oğurluq və narkotik vasitələrin istifadəsinə görə 5 dəfə məhkumluq həyatı yaşayan Alim Məmmədov dəfələrlə bu cür əməllər törətdiyini deyib. O, adəti üzrə bu cür əməlləri paytaxt ətraf ərazilərdə törədib: "Mən sonuncu dəfə Gədəbəydə 2001-ci ildə olmuşam. Səhər Gəncədən çıxdım, yola gəlib çatdım. Mal-heyvan bazarında bir qədər gəzəndən sonra bu şəxsə gözüm sataşdı və pulu ələ keçirdim. Ancaq kənardan hiss etdim ki, bir nəfər gördü və səs-küy saldı. Mən elə düşünürdüm ki, Gədəbəy bir az uzaq yerdir, orada daha çox pul əldə etmək olar. Ancaq istədiyim olmadı".

 

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır. Alim Məmmədovun əməllərindən zərərçəkənlərin sayının artacağı istisna olunmur.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli