"Saxla" əmrinə tabe olmayan sürücü maşınla polisi vurdu

Ötən gecə paytaxtda polisin "Saxla" əmrinə tabe olmayan sürücü, avtomobili ilə yol polisini vurub. APA TV-nin məlumatına görə, Bakı şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı 23 yaşlı Azad Babaşzadə xidməti vəzifəsini yerinə yetirən zaman "VAZ-2107" markalı avtomobilin sürücüsünə "Saxla" əmri verib. Əmrə tabe olmayan sürücü avtomobilini  yol polis əməkdaşının üstünə sürüb. Polis əməkdaşını avtomobili ilə vuran sürücü hadisə yerindən qaçıb. Xəsarətlər alan Azad Babaşzadə xəstəxanaya yol patrul avtomobili ilə gətirilib. Müayinə zamanı həkimlər onda çox saylı xəsarətlər müəyyən ediblər.

 

Həkim İlham Qəmbərovun sözlərinə görə, yaralı xəstəxanaya ikinci dərəcəli travmatik diaqnozla qəbul edilib: “Müvafiq yoxlamalardan keçib. Hal-hazırda reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti stabildir".

 

Polisdən verilən məlumata görə, hadisə yerindən qaçan "VAZ 2107"  markalı avtomobilin yeri və sürücüsü müəyyən edilib. Sürücü saxlanılıb avtomobili isə, cərimə meydançasına aparılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.  

Müəllif | Apa.Tv
Apa.tv