Azərbaycanda ev və maşınları qarət edən Türkmənistan vətəndaşı tutuldu

Abşeron polisi evlərdən oğurluq edən şəxsləri saxlayıb. APA TV-nin məlumatına görə, rayonun Hökməli qəsəbəsində yaşayan Rəhim Tofiq oğlu Qurbanov Abşeron Rayon Polis İdarəsinə evindən oğurluq olunması ilə bağlı  ərizə ilə müraciət edib.

 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən Mircabir Mirteymur oğlu Mirəliyev və onun tanışı, Türkmənistan Respublikasının vətəndaşı Halmurad Rəcəb oğlu Nurberdiyev saxlanılıb. İşin istintaqını aparan müstəntiq Eldəniz Əsgərovun sözlərinə görə, saxlanılan şəxslərin avtomobillərdən oğurluq etmələri də üzə çıxıb: "Əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunub ki, bu şəxslər Abşeron rayonu ərazisində 12-dən çox maşını qarət ediblər. Belə ki, onlar avtomobillərin akkumulyator və maqnitofonlarını oğurlayaraq satıblar. Hər iki şəxs barəsində həbs-qətimkan tədbiri seçilib".

 

Qeyd edək ki, hər iki şəxsin ifadəsi alınıb və onlar törətdikləri əməlləri etiraf ediblər. Narkotik aludəçisi olduğunu deyən Mircabir Mirəliyev oğurluğa narkotikə olan tələbatını ödəmək üçün əl atdığını söyləyib. Türkmənistan vətəndaşı Halmurad Nurberdiyevlə də oğurluqda ona kömək etməsi üçün tanış olub: "Halmuradla fəhlə bazarında tanış oldum. Getdik oğurluq elədik. O da xəstə idi, mən də. Gedib dərman alırdıq. Ümumilikdə bir ev və 10 maşını soymuşam".

 

Saxlanılan Halmurad Nurberdiyevin sözlərinə görə, oğurladıqları əşyaları dəyər-dəyməzinə sataraq narkotik maddə alıblar. İşi aparan müstəntiqin sözlərinə görə, saxlanılan şəxslərin indiyə kimi vətəndaşlara 6 min manata kimi ziyan verdikləri müəyyən edilib.

 

Faktla bağlı Abşeron Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv