“ELS” “exit-poll”un təşkili üçün ayrılan vəsaiti açıqladı

Bu gün Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərdə “exit-poll” keçirəcək “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova mətbuat konfransı keçirib. 

 

APA TV-nin xəbərinə görə, Mərkəzin sədri Milli Məclisə seçkilərlə əlaqədar noyabrın 1-də 118 seçki dairəsi üzrə 1180 seçki məntəqəsində “exit-poll” keçirəcəklərini açıqlayıb. Bildirib ki, “exit-poll” Naxçıvan Muxtar Respublikası istisna olmaqla Azərbaycanın bütün rayonlarını əhatə edəcək.

 

Onun sözlərinə görə, hazırda “exit-poll” keçirəcək kadrların təlimləri başa çatıb və bu gündən etibarən rayonlara müvafiq sənədlərin və ləvazimatların göndərilməsi başlayacaq. Milli Məclisə seçkilərlə əlaqədar “exit-poll”un keçirilməsinə 2600-ə qədər kadr cəlb olunacaq. Kadrlar könüllülük prinsipləri ilə fəaliyyət göstərir. İradə  Yaqubova seçki günü keçiriləcək “exit-poll”la bağlı prosedurlar barədə məlumat verib. “Exit-poll”un nəticələri saat 20:00-a qədər açıqlanacaq.

 

Qeyd edək ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi ilə “Trend” İnformasiya agentliyi arasında müqavilə imzalanıb və “exit-poll”un təşkili üçün 33 min manat ayrılıb.

Müəllif | Apa.Tv
Almaz Qasımova