Həmsədrlər Dağlıq Qarabağın Azәrbaycanlı İcması ilə görüşdü
Bu gün "Dağlıq Qarabağın Azәrbaycanlı İcması" İctimai Birliyindә ATӘT-in Minsk Qrupunun hәmsәdrlәri Ceyms Uorlik (ABŞ), Pyer Andryu (Fransa), İqor Popov (Rusiya) vә ATƏT sədrinin fәaliyyәtdә olan sәdrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklә görüş keçirilib.
APA TV-nin məlumatına görə, görüşdә icmanın sәdri Bayram Sәfәrov bildirib ki, icma hər zaman Minsk Qrupunun mәsәlәyә әdalәtli yanaşacağına ümid edib:
"Tәәssüf ki, Minsk Qrupunun işi nәticә vermәyib. Biz ümid edirik ki, siz vә sizin ölkәlәriniz öz sәylәrinizi artıracaq, nәhayәt, әdalәt bәrpa olunacaq, azәrbaycanlılar öz torpaqlarına qayıdacaq. Azәrbaycan münaqişәnin sülh yolu ilә hәllini istәyir".
Rusiyalı hәmsәdr İqor Popov bu görüşün çox faydalı olduğunu deyib: "Bu gün regiona sәfәrimiz başa çatır. Ermәnistanda siyasi proseslәri, tәmas xәttindә gәrginliyin artması, humanitar әmәkdaşlığın formalaşması mәsәlәlərini müzakirә etdik. Biz tezliklə prezidentlәrin görüşünün keçirilmәsinә ümid edirik".
Ceyms Uorlik çıxışında bildirib ki, son 20 ilin azərbaycanlı icma üçün hәddindәn artıq çәtin keçdiyi barədə məlumatlıdırlar: "Ötәn dәfә Bakıda olanda mәcburi köçkünlәrlә görüşdük. Ailәdә olduq, onların öz vәtәnlәrinә necә qayıtmaq istәdiklәrini gördük. Bu görüş bizi çox tәsirlәndirdi. İrәvanda da dediyim kimi, qaçqın problemi hәll olunmadan, onlar öz torpaqlarına qayıtmadan hәrtәrәfli hәllә nail olmaq mümkün deyil. Biz bunu prezidentlәrlә, nazirlәrlә görüşlәrdә də qeyd edirik. Biz görüşlәrdә xalq diplomatiyası mәsәlәsini dә qaldırırıq. Hesab edirik ki, bu çox vacib mәsәlәdir".
Fransalı hәmsәdr Pyer Andryu bildirib ki, bu münaqişәnin həllində qaçqın faktorunun vacibliyini anlayırlar: "Biz hәr dәfә görüşәndә bu mәsәlәni müzakirә edirik. Biz BQXK ilә görüşlәrdә Qarabağ müharibәsindә ölәnlәrin müәyyәnlәşdirilmәsi barәdә dә tәşәbbüs irәli sürmüşük. Bu proses hәm Azәrbaycanda, hәm dә Ermәnistanda gedir".
Ceyms Uorlik hәr iki tәrәfdә hәqiqәtәn sülh istәyәn insanlarla tanış olduqlarını deyərək bildirib ki, gәnc nәslin digәr tәrәfi tanımaq, onlar haqqında mәlumat әldә etmәk şansı olmayıb: “Bizim ümumi vәzifәlәrimizdәn biri tәrәflәrin yaxınlaşması, etimad tәdbirlәrinin güclәndirilmәsidir”.
"Dağlıq Qarabağın Azәrbaycanlı İcması" İctimai Birliyinin üzvü Elman Məmmədov həmsədrlərdən narazılıq ifadə edib. O bildirib ki, onun kimi digәr mәcburi köçkünlәr də həmsədrlərin 20 ildәki fәaliyyәtindәn narazıdırlar: "Siz heç zaman eyni fikrә gәlib bu mәsәlәni hәll edә bilmәyәcәksiniz. Nә qәdәr ki, biz sağıq, gәrәk görüşlәr tәşkil edәk, oralara gedәk. Çünki biz orada yaşayan ermənilərlə bir-birimizi tanıyırıq. Siz bu problemin hәllini gәnc nәslin ixtiyarına buraxmamalısınız. Bәzәn yazılarınızdan elә anlaşılır ki, sanki ermәnilәr kimi düşünürsünüz. Amma işğala mәruz qalan Azәrbaycandır. Siz işğalı törәdәnlә işğala mәruz qalanı fәrqlәndirmәlisiniz".
Bildirilib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində qaçqınlar məsələsi vacib faktordur.