Kürdəmirdə hind quşu oğurlayanlar ələ keçdi

Oktyabrın 23-də Kürdəmir rayonunun Aran qəsəbə sakini Sarif Əskərov polis şöbəsinə ərizə ilə müraciət edərək, yeni tikdirdiyi, lakin yaşamadığı evindən 1 ədəd elektrik sobası, 1 ədəd ətçəkən maşın, 1 ədəd mikser və 1 ədəd ütünün oğurlandığını bildirib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin evdən oğurluq edən Samir Cəbrayılov tutularaq istintaqa təhvil verilib.

 

İstintaq zamanı məlum olub ki, o, Sarif Əsgərovun evindən 180 manat dəyərində məişət cihazlarını gizli yolla talayaraq oğurlayıb. İstintaqın gedişində məlum olub ki, Samir Cəbrayılov əvvəllər də tanışı Elxan Seyidovla əlbir olaraq bir sıra oğurluq əməlləri törədib. Onlar Xırdapay kəndində Eldar Məmmədova məxsus "VAZ-2107" markalı minik avtomobilinin 2 ədəd təkərini, rayon sakini  İlqar Həmidovun həyətindən 2 hind quşunu, Kürdəmir şəhəri 69-cu məhəllədə yaşayan Şükufə Səlimovanın evindən isə 1 ədəd televizor, 1 musiqi mərkəzi və 1 ədəd rəqəmsal antena aparatını oğurlayıblar.

 

Samir Cəbrayılov və Elxan Seyidov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Müəllif | Apa.Tv
Apa.tv