Aydın Əliyev: "Şikayət edənlər demir ki, gömrük əməkdaşı məndən artıq pul alıb"
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərmanı şərh edib.
APA TV-nin xəbərinə görə, Aydın Əliyev bildirib ki, fərman kommersiya və istehsalat məqsədləri üçün gətirilməyən mallardan gedir.
Komitə sədri deyib ki, bu sahədə olan strategiya müəyyənləşib və fərmanın tətbiqi Azərbaycan əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəlib: "Bu gün Azərbaycanın dövlət büdcəsi var və dövlət büdcəsi ölkə başçısı tərəfindən qeyd olunan kimi gömrük və vergi rüsumları hesabına formalaşdırılır. Ona görə də kommersiya və istehsalat məqsədləri ilə gətirilən mallar mövcud olan qanunvericiliyə əsasən vergiyə cəlb olunacaq".
Yeniliyin büdcə daxilolmalarına təsir edib-etməyəcəyinə gəlincə, A.Əliyev deyib ki, bu barədə yalnız müəyyən hesablamalar aparıldıqdan sonra dəqiq nə isə demək olar.
Aydın Əliyev avtomobillərin gətirilməsi ilə bağlı edilən bəzi şikayətlərə də münasibət bildirib: "Mən sizə komitə sədri kimi deyirəm ki, bu günə qədər bir dənə də şikayət bununla bağlı əsaslı hesab olunmayıb. Çünki şikayət edənlərin əksəriyyəti demir ki, gömrük əməkdaşı məndən artıq pul alıb. Deyirlər ki, artıq hesablamalar aparılarkən dövlət büdcəsinə keçirilib. Əvvəllər tez-tez qarşılaşdığımız məsələ köhnə maşınlarla bağlı idi. Biz onlara deyirik ki, köhnə maşın alarkən əldə etdiyiniz hansısa sənəd əsas sayıla bilməz. Yəni "Lexus" 2 min dollara, yaxud BMW 4 min dollara ola bilməz. Ona görə də xahiş edirik hesablamanızı onunla aparmayasınız. Avtonəqliyyat Gömrük İdarəsində bununla bağlı əmtəəşünas ekspertlər fəaliyyət göstərir. Onlar qanunvericiliklə nəzərdə tutulmuş qaydada maşına baxaraq qiymət qoyurlar".