Astarada meşəyə gedən 16 yaşlı oğlan yoxa çıxdı
Astarada 16 yaşlı oğlan itkin düşüb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə oktyabrın 26-da səhər saat 9.00 radələrində rayonun Rinə kəndində qeydə alınıb.
Kənd sakini, 16 yaşlı Şahid Kərəm oğlu Əzizov qoz yığmaq məqsədilə meşəyə gedib və bir daha geri qayıtmayıb.
Anası İradə Əliyevanın sözlərinə görə, Şahidin qayıtmadığını görüb övladlarının meşəyə istiqamət aldığı bütün əraziləri gəzib dolaşsalar da, onun izinə rast gəlməyiblər: "Qoz yığmağa gedib uşağım. O gedəndir, üç gündür ki, uşağım yoxdur. Hara getdi, meşə apardı, suya düşdü bilən yoxdur".
Şahidin atası Kərəm Əzizovun sözlərinə görə, oğlu evlərindən təqribən 1-2 km uzağa qoz yığmağa gedib. Onun meşəyə getdiyi gün hava dumanlı olub. Bu da Şahidin yolu azaraq digər istiqamətə getmə ehtimalını artırır: "Meşəyə gedib qoz yığmaq niyyəti ilə, geriyə qayıtmayıb. Onunla bağlı camaat da gəzir. Üç gündür gəzirik, tapa bilmirik".
Qeyd edək ki, üç bacının yeganə qardaşı olan Şahidin mobil telefonu olsa da, meşəyə gedərkən onu özü illə aparmağı unudub. Ötən 3 gün müddətində 200-dən çox kənd sakini ətraf ərazilərdəki bütün meşələri gəzsə də, axtarışlar hələlik heç bir nəticə verməyib.
Faktla bağlı rayonun hüquq-mühafizə orqanları və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları da məlumatlandırılıb. Şahid Əzizovun axtarışları davam edir.