Ceyms Uorlik: "Təmas xəttində insident baş verəndə gecə yuxusuz qalırıq"
"Ermənistan-Azərbaycan təmas xəttində hər hansı insident baş verəndə həmsədrlər gecə yuxusuz qalır". APA TV-nin məlumatına görə, bunu Bakıda jurnalistlərə açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
O, jurnalistlərin "münaqişәnin hәlli üçün diplomatmı ölməlidir?" sualına cavabında qeyd edib ki, baş verən son insident yeganə hal deyil, bu cür hadisələr mütəmadi olaraq baş verir: "Hər iki tərəf atəşkəsin pozulmasında bir-birini günahlandırır. Lakin təəssüf ki, bunu müəyyən etməyin heç bir yolu yoxdur. Biz də bunu müəyyən etmək istəyərdik. Mən deməzdim ki, diplomatın həyatı münaqişə zonasında yaşayan hər hansı ana və ya uşağın həyatından vacibdir. Qətiyyən belə deyil. Biz münaqişənin həll olunması öhdəliyini ciddi qəbul edirik. Çalışırıq ki, həm prezidentlərə, həm də xarici işlər nazirlərinə müəyyən təkliflərlə çıxış edək ki, bu münaqişə həll olunsun. Prezidentlərin verdiyi qərarla, onların atacaqları addımlarla müqayisədə bizim ictimaiyyət qarşısında çıxışlarımızın heç bir əhəmiyyəti yoxdur. Ona görə biz çalışırıq ki, müəyyən irəliləyişə nail olaq".
ATӘT-in monitorinq qrupu ilә cəbhə xəttini keçdiyini xatırladan Ceyms Uorlik oradakı vəziyyəti "çox dәhşәtli” adlandırıb. O, bildirib ki, atәşkәs rejiminә hörmәt olunmalıdır: “Biz münaqişәnin sülh yolu ilә uzunmüddәtli hәllini tapmalıyıq. Mәn hәmsәdr həmkarlarımla tәhlükәsiz yerdә idim. Lakin ATӘT-in iki әmәkdaşı tәhlükәli yerdә idilәr vә gizlәnmәyә yer axtarırdılar. Sevinirәm ki, onlar xәsarәt almayıb. Bu kimi insidentlәr qәbuledilmәzdir. Biz bu hadisә barədə ATӘT ekspertlәri ilә müzakirә aparanda onlar dedilәr ki, atәşin hansı tәrәfdәn açıldığını müәyyәnlәşdirmәk mümkün deyil. Onlar bu işin mütәxәssislәridir. Lakin atәş açılanda onun haradan gәldiyini müәyyәnlәşdirmәk çәtindir”.
Azərbaycan və Ermənistan prezidentləri ilə danışıqlarının yekunu barədə məlumat verən amerikalı həmsədr deyib ki, dövlət başçıları ilin sonuna kimi görüşmək niyyətlərini ifadə ediblər. Onun fikrincə, cəbhə xəttində gərginlik gündən-günə daha da artır. Ceyms Uorlik prezidentlərin görüşündə gərginliyin artmasını müzakirə etməyi çox vacib hesab edir.