Hudzon İnstitutu: Azərbaycan modeli cəlbedicidir
Vaşinqtonda yerləşən və dünyanın ən nüfuzlu beyin mərkəzlərindən olan Hudzon İnstitutunun Hərbi-Siyasi Təhlil Mərkəzinin direktoru Riçard Veytsin “Azərbaycanın regional rolu: İran və digər bölgələr” adlı hesabatı dərc olunub.
APA TV-nin xəbərinə görə, hesabatda qeyd edilir ki, SSRİ-nin dağılmasından sonra ABŞ-ın yaxın müttəfiqi olan Azərbaycan digər müsəlman ölkələri üçün dini və etnik müxtəliflik məsələlərinə uğurlu yanaşmaları ilə nümunə rolunu oynamaqdadır. Özünün dünyəvi siyasəti, müxtəlif dinlərə və xalqlara tolerant münasibəti ilə Azərbaycan çox səmərəli “yumşaq güc” əldə edib və digər müsəlman ölkələri üçün təcrübəsindən geniş istifadə edilə bilinəcək cəlbedici ölkəyə çevrilib. Buna görə də Azərbaycanın “yumşaq güc” potensialına hərtərəfli dəstək vermək qonşu İranın Yaxın Şərqdə və digər bölgələrdə təsirinin azaldılmasına xidmət edə bilər.
Müəllif qeyd edir ki, Azərbaycan İran ilə geniş tarixi və mədəni əlaqələrə malik olmasına və Azərbaycan hökumətinin Tehranla normal münasibətlər qurmaq üçün əlindən gələni etməsinə baxmayaraq, İran daim Azərbaycan dövlətinin dünyəvi siyasətinə qarşı mənfi münasibətini gizlətməyib. Son bir neçə ildə İranın xüsusi xidmət orqanları Azərbaycanda Qərb və İsrail maraqlarına qarşı bir neçə terror aktlarını həyata keçirməyə cəhd edib və bunların qarşısı Azərbaycan təhlükəsizlik orqanları tərəfindən uğurla alınıb. İranın bu cür addımlarının arxasında məhz Azərbaycanın yumşaq gücünün artması və bunun İran rəhbərləri tərəfindən bir hədə kimi qiymətləndirilməsi durur. İranın ali rəhbərliyini qorxudan ən mühüm məqam odur ki, İranda yaşayan azərbaycanlılar, tarixi və mədəni baxımdan yaxın olan digər xalqlar bir gün İran rəhbərliyindən məhz Azərbaycan nümunəsində səmərəli daxili və xarici siyasətə malik hökumətin olmasını tələb edə bilərlər. Məhz bunlara görə xüsusilə vurğulanır ki, Ermənistan-Azərbaycan münaqişəsi zamanı İran özünün müsəlman qonşusuna deyil, xristian Ermənistanına daim dəstək olur.