İndoneziyada növbəti etiraz dalğası: tələbələr ayağa qalxdı
İndoneziyada tələbələr ölkə iqtisadiyyatındakı mənfi proseslərə və bahalaşmaya qarşı etiraz aksiyası keçirib.
APA TV-nin xəbərinə görə, Cakartanın mərkəzi meydanında toplaşan universitet tələbələri ölkə parlamentinin binasına yürüş ediblər. Bina önündə etirazları davam etdirən aksiya iştirakçıları prezident Coko Vidodonun yanlış iqtisadi siyasət yürütdüyünü, xarici ölkələrə güzəştə getdiyini bəyan edib, hökumət əleyhinə şüarlar səsləndirib.
Günortadan aksiyaya başlayan tələbələr axşamadək ölkə rəsmilərindən cavab ala bilməyib və parlament binasına girməyə cəhd edib. Aksiya iştirakçıları binanın qapısına od vurub.
Bundan sonra su şırnağı və gözyaşardıcı qazdan istifadə edən polis aksiyanı dağıtmağa başlayıb. Aksiya iştirakçıları isə polis əməkdaşlarını daşqalaq ediblər. Toqquşma zamanı çoxlu sayda tələbə saxlanılıb.
Qeyd edək ki, son 6 ilin ən zəif iqtisadi inkişafı üzündən prezident Coko Vidodo hökumətdə 6 nazirin yerini dəyişdirib. İndoneziyada tələbə etirazlarına qarşı xüsusi həssaslıq var. Çünki 1998-ci ildə məhz tələbə etirazları ilə başlayan üsyan nəticəsində prezident Suxarto hakimiyyətdən getmişdi.