Bakıda sənədsiz sürücü qəza törətdi
Bakının Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, yol qəzası Bakıxanov körpüsündə qeydə alınıb.
Hilal İbrahimov idarə etdiyi "Volkswagen" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən qarşı istiqamətdə hərəkət edən "VAZ-2107" markalı avtomobillə toqquşub. Zərbənin təsirindən "VAZ-2107" körpüdəki arakəsməyə çırpılıb.
“Volkswagen”in sürücüsü Hilal İbrahimov hadisəni belə xatırlayır: "Sağdan maşın gəlirdi. Qaçırmaq lazım oldu. Qaçırtdım, üzbəüz maşın gəlirdi, dəydi".
"VAZ-2107"-nin sürücüsü Nadir Abdulovun dedikləri də fərqli deyil: "Çıxdı qabağıma. Qaçırtdım, xeyri olmadı".
Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb. Hadisə yerinə polis əməkdaşları gəliblər. "Volkswagen"in sürücüsü Hilal İbrahimovdan sənədləri tələb edilib və onun avtomobili sənədsiz idarə etdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.