İstanbulda kütləvi ölüm: saxta içki faciəyə səbəb oldu!
Türkiyənin İstanbul şəhərində 9 nəfər spirtli içkidən zəhərlənərək ölüb.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, şəhərin Fatih qəsəbəsində son 3 gündə onlarla şəxs qarın ağrısı, qusma və görmə qabiliyyətinin itirilməsi şikayəti ilə xəstəxanaya müraciət edib. Həmin şəxslərin saxta spirtli içkidən zəhərləndikləri müəyyənləşib. Onlar Türkiyənin yerli alkoqollu içkisi olan rakı qəbul etdiklərini deyiblər.
Vəziyyəti ağır olan 9 nəfərin həyatını xilas etmək mümkün olmayıb, daha bir neçə nəfərin vəziyyətinin ağır olduğu açıqlanıb. Həkimlər ölü sayının artacağını bildiriblər.
Polis İstanbulun Kiçikçəkməcə, Esenlər, Bağcılar və Qaziosmanpaşa qəsəbələrində əməliyyat keçirib. Saxta içkinin istehsalı, daşınması və satılması iddiası ilə 15 nəfər saxlanılıb. Şübhəli şəxslərin evlərində və iş yerlərində aparılan araşdırma zamanı alkoqol istehsalında istifadə olunan maddələr və çoxlu sayda saxta içki ələ keçirilib. İstintaq zamanı bəzi şəxslərin alkoqol dərəcəsi 35 faiz olan içkiləri 5 lirədən satdıqları məlum olub.