Oğlunu yandıran ata təcridxanaya göndərilib
Buzovna qəsəbəsində oğlunun üstünə benzin tökərək yandıran Mehdiyev Aydın Kamil oğlu bu gün 3 saylı Şüvəlan istintaq təcridxanasına göndərilib. Xəzər rayon prokurorluğunun böyük müstəntiqi Zaur Ağakişiyevin APA TV -yə verdiyi məlumata görə, aparılan araşdırmalar və ilkin istintaqdan sonra Cinayət Məcəlləsinin 126.2.3 -cü (xüsusi amansızlıqla zərərcəkmiş şəxsə ağır iztirablar verməklə törədildikdə) maddəsi ilə başlanmış cınayət işi 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə dəyişdirilib.
Xatırladaq ki, oğlunun üstünə benzin tökərək od vuran Buzovna qəsəbə sakini Mehdiyev Aydın Kamil oğlu istintaqa ifadəsində uzun illər Rusiyada yaşadığını, müxtəlif adamlara xeyli borcu olduğu ücün bu günlərdə Azərbaycana ailəsinin yanına qayıtdığını bildirib. Onun qayıdışı ailə üzvlərinin ürəyindən olmayıb, övladları və həyat yoldaşı Sahilə Qəmbərova onunla tez-tez mübahisə ediblər. Aydın Mehdiyev özü ilə gətirdiyi plastik qabda olan benzini arvadının və oğlunun üstünə töküb. Həyat yoldaşı qaçmağa müvəffəq olub, Aydın Mehdiyev isə üstünə gələn 16 yaşlı oğlu Nəcməddin Əsgərova od vuraraq yandırıb. Nəticədə oğlanın bədəninin 60-65 faizi yanıb. Respublika Yanıq Mərkəzinə gətirilən Nəcməddin Əsgərov burada dünyasını dəyişib. Hadisə yerinə gələn Xəzər rayon Polis İdarəsinin əməkdaşları Aydın Mehdiyevi saxlayıblar. O, istintaqa verdiyi ifadədə bildirib ki, cinayəti törətməkdə məqsədi evini və ailə üzvlərini yandırmaq olub.
Hazırda Mehdiyev Aydın Kamil oğlunun Rusiya Federasiyasında cinayət törədib-törətmədiyi istintaq tərəfindən araşdırılır. Hadisəyə hüquqi qiymət istintaqın sonunda veriləcək.