Bakıda dəhşətli qətl: sevdiyi qızı küçədə öldürdü
Bakıda qətl törədilib.
Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 11.00 radələrində metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb.
22 yaşlı İlahə Həsən qızı Yusubova oğlan tanışı, 1990-cı il təvəllüdlü Salyan rayon sakini Babək Tərlan oğlu Əliyev tərəfindən küçədə bıçaqlanaraq qətlə yetirilib. Qətli törədən şəxs hadisə yerindən qaçsa da, Nardaran qəsəbəsində həbs olunub.
İlkin məlumata görə, hadisəni törədən oğlan İlahə Yusubovanı sevirmiş. O, qızın sevgisini qazana bilmədiyi üçün belə bir addım atıb. Oğlan valideynlərini qızın evinə elçi göndərsə də İlahə Yusubovanın ailəsindən rədd cavabı alıb.
Qeyd edək ki, lisey məzunu olan İlahə Yusubova "Əhmədli" metro stansiyasının keçidində fəaliyyət göstərən dükanların birində satıcı işləyirmiş.
Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.