FHN mağazaya oğurluğa gələn şəxsi... xilas etdi - KURYOZ
Kürdəmirdə qeyri-adi oğurluq hadisəsi baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, mağazadan oğurluq etmək istəyən şəxs özü çıxılmaz vəziyyətə düşüb.
Onun köməyinə isə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları gəlib. Hadisə gecə saat 3:00 radələrində rayon mərkəzində yerləşən Siyavuş Abdullayevə məxsus “Bərəkət” marketdə qeydə alınıb. Qaradağ rayonunun Qızıldaş qəsəbəsində qeydiyyatda olan, Kürdəmir rayonunun Karrar kəndində yaşayan 25 yaşlı Səid İsayev mağazanın bağlı olmasından istifadə edərək, tavan hissəsindən içəri daxil olub. İçəridə olduğu müddətdə bir sıra ərzaq və şirniyyat məhsullarını qarət edərkən mühafizəçilər onu görüb.
Mühafizəçi Araz Həsənov: "Dördyol müəssisə ərazisindən yaxınlaşanda səs gəldi. Hiss etdim ki, içəridə oğru var. Dərhal növbə rəisinə zəng etdim".
Yaxalanmamaq üçün yığdıqlarını da yerə atan Səid gəldiyi yolla geri qayıtmaq istəyib. Bu zaman isə mağazanın çardağı ilə tavanı arasında ilişib qalıb.
Mağaza sahibi Siyavuş Abdullayev: "Saat birin yarısında mağazanı bağlayıb getdim. Gecə saat 3-də zəng gəldi ki, mağazanı açmaq lazımdır, içəridə adam var. Gəldim ki, tavanda qalıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çıxardılar. Siqaretləri, şirniyyatları yığıb aparmaq istəyirmiş".
Əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kürdəmir şəhərində bir nəfərin mağazanın tavan və çardağı arasında sıxılaraq köməksiz vəziyyətdə qalmış Səidi xilas edərək polisə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.