Səfir: "Bir ölkəni dəvət etmək imkanımız vardı, Azərbaycandan başqa ölkə ağlımıza gəlmədi"

“Azərbaycan və Türkiyənin parlament seçkilərini eyni gündə keçirməsi fərqli təsadüfdür”. APA TV-nin məlumatına görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfəri İsmail Alper Coşqun jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, Türkiyədəki seçkilərlə bağlı xarici ölkələrdəki Türkiyə vətəndaşlarının səsverməsi artıq başa çatıb: “Oktyabrın 25-də biz də Bakıda səsvermə keçirdik. Noyabrın 1-də hər iki ölkədə seçkilər baş tutacaq. Mənim tək arzum seçkilərin sülh və əmin-amanlıq şəraitində keçməsi, vətəndaşın öz iradəsini rahat şəkildə ortaya qoymasıdır. Bütün hallarda nəticə həm Azərbaycan, həm də Türkiyə üçün xeyirli olacaq. Parlament seçkilərinin nəticəsini əvvəlcədən demək mümkün olmasa da, onu qəti demək mümkündür ki, nəticə nə olursa-olsun, Türkiyə-Azərbaycan qardaşlığı daimidir”.

 

Diplomat noyabrda Antalyada G20 zirvəsinin baş tutacağını və Azərbaycanın bu sammitdə iştirakı formatından danışıb: "Antalyada G20-nin zirvə toplantısı keçiriləcək və biz bir illik sədrliyimizi tamamlayacağıq. Sizin də dediyiniz kimi, G20-yə sədrliyi üzərimizə götürdükdə, bir ölkəni dəvət etmək imkanımız var idi. Təbii ki, Azərbaycandan başqa ölkə ağlımıza gəlmədi. Azərbaycan dəvəti qəbul etdi. Bir ildir G20 çərçivəsində çox fərqli işlər görülür. Beyin mərkəzləri, enerji nazirləri, iqtisadiyyat nazirləri, maliyyə nazirləri toplanır. Bir sıra mövzularda Azərbaycan nümayəndələrinin də qatılması ilə müxtəlif işlər görüldü. Noyabrdakı iclas zirvə toplantısı olacaq. Hörmətli prezident sağ olsun, qatılacağını bildirdi. İnşallah, onu da Antalyadakı bu zirvədə görəcəyik. Türkiyənin G20 sədrliyi Azərbaycanın da dəstəyi ilə başa çatmış olacaq".

 

Səfir Rusiyanın Suriyadakı əməliyyatlarının Türkiyə üçün təhlükə törətmədiyinə də diqqət çəkib. Diplomat əlavə edib ki, terror mühitinin yaranması, milyonlarla insanın ölkədən qaçmasının səbəbi Əsəd rejiminin siyasətidir: "Türkiyə Rusiyanı regionda əsas tərəfdaşlardan biri hesab edir, lakin onun həyata keçirdiyi tədbirlərə hər zaman müsbət reaksiya vermir. Rusiyanın Suriyadakı hərbi əməliyyatı diqqətlə izlədiyimiz vacib əməliyyatdır. Rusiya bizim üçün əsas tərəfdaş, regionun vacib ölkələrindən biridir. Rusiya regionumuzda mümkün problemlərin həllində tərəfdaş qismində görmək istədiyimiz ölkədir. Lakin bu, Rusiyanın atdığı istənilən addımın, tədbirin tərəfimizdən müsbət qarşılanacağı anlamına gəlmir”.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı