Türkiyə səfirliyinin əməkdaşları Bakıdakı Türk Şəhidliyini ziyarət etdilər

Türkiyə Cümhuriyyətinin elan olunmasının 92-ci ildönümü münasibətilə bu gün Türkiyənin Azərbaycandakı səfirliyi Bakıdakı Türk Şəhidliyini ziyarət edib.

 

APA TV-nin məlumatına görə, mərasimə Türkiyə səfirliyinin əməkdaşları, Türkiyədən gələn qonaqlar qatılıblar.

 

Əvvəlcə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun şəhidlərin xatirəsinə açılmış dəftərə ürək sözlərini yazıb. O, şəhidlərin Mustafa Kamal Atatürkün “ən böyük əsərim” dediyi Türkiyə üçün canlarından keçdiyini bildirib: “Əziz şəhidlər, sizlər vətən torpağı uğrunda fədakarcasına cəbhədən-cəbhəyə qaçdığınız günlərdə azadlığı və müstəqilliyi təhdid altında olan azərbaycanlı qardaşlarımızın da köməyinə gəlməyə tərəddüd etmədiniz. Azərbaycanda yazdığınız qəhrəmanlıq dastanı bu gün hər kəsin qəbul etdiyi “bir millət - iki dövlət” anlayışının ən əsas göstəricisidir. Siz Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq bağlarının memarısınız. Azərbaycanın hər yerində olan məzarlarınız əbədi qardaşlığımızın şərəf nişanıdır”.

 

Daha sonra səfir başda olmaqla səfirlik əməkdaşları Türk Şəhidliyində əsgərlərin adı yazılan lövhələrə gül qoyub. 

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı