Kişiləri sevgilisinin tələsinə salan kikboksçuya ağır cəza - MƏHKƏMƏ HÖKMÜ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq və şantajda təqsirləndirilən 1989-cu il təvəllüdlü Məmmədəli Hacıyev, 1984-cü il təvəllüdlü Gülhüseyn Sadiqov və 1990-cı il təvəllüdlü Əfsanə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

APA TV-nin "Lent.az"a istinadən məlumatına görə, prosesdə hökm oxunub. Məmmədəli Hacıyev 10 il 6 ay, Gülhüseyn Sadıqov 9 il 6 ay, Əfsanə Hüseynova isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, bu il Xəzər rayon Polis İdarəsinin əməkdaşları əməliyyat zamanı 1990-cı il təvəllüdlü Hüseynova Əfsanə Fəxrəddin qızı, onunla qeyri-rəsmi nikah münasibətlərində olan 1989-cu il təvəllüdlü Hacıyev Məmmədəli Ədalət oğlu və Rusiya Federasiyası vətəndaşı 1984-cü il təvəllüdlü Sadıqov Gülhüseyn Sakit oğlunu saxlayıb. Araşdırma zamanı məlum olub ki, Əfsanə Hüseynova qurulan plana əsasən, metro stansiyalarında tanış olduğu oğlanlarla cinsi əlaqədə olmaq adı ilə onları Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yaşadığı evə dəvət edib. Evə daxil olandan sonra isə qadının tanış olduğu oğlanlar Məmmədəli Hacıyevin hücumuna məruz qalıb. Məmmədəli Hacıyev evə gələn şəxslərə fiziki zor tətbiq edərək, onların pulunu və mobil telefonlarını əllərindən alıb. İstintaq zamanı dəstə üzvlərinin bu cinayətləri Rusiya Federasiyasında məhkum olunan Gülhüseyn Sadıqovun qurduğu plana əsasən həyata keçirdikləri məlum olub. Saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb. Onların bu üsulla 5 nəfərə qarşı quldurluq etdikləri sübuta yetirilib.

 

Onu da qeyd edək ki, Məmmədəli Hacıyev kikboks idman növü ilə məşğul olub. O, zərərçəkənlərə zor tətbiq edən vaxt özünü cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli kimi təqdim edib.

Müəllif | Apa.Tv
Apa.tv