Həmsədrlər: Təmas xəttində davamlı atəş açılması qəsdən törədilmiş hadisədir
Azərbaycan və Ermənistan prezidentləri münaqişənin həlli və digər əsas elementlərin müzakirəsi üçün həmsədrlərin təşkilatçılığı ilə ilin sonuna kimi görüş keçirilməsinə razılıqlarını təsdiqləyiblər.
APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andryu (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin 26-28 oktyabr tarixlərində regiona baş tutan səfərlərinin yekununa dair yaydıqları bəyanatda deyilir.
Onlar səfər zamanı Azərbaycan və Ermənistan prezidentləri və xarici işlər nazirləri ilə, həmçinin Dağlıq Qarabağdakı de-fakto rəhbərliklə görüşdüklərini açıqlayıblar.
Bəyanatda həmsədrlər Bakıda Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə görüşdüklərini də bildiriblər: “Həmsədrlər tərəfindən təmas xəttinin ənənəvi keçilməsindən dərhal sonra müəyyənləşdirməyin mümkün olmadığı tərəfdən davamlı atəşin açılması ATƏT-in monitorinq xidmətinin əməkdaşlarını gizlənməyə məcbur etdi. Tərəflər monitorinq heyətinin təhlükəsizliyini təmin etmək öhdəliyini üzərlərinə götürüblər. Bu hadisə sülh yolu ilə həll üçün əldə olunmuş nailiyyəti sarsıtmaq üçün qəsdən edilmiş səyi əks etdirir. Bu, həmçinin ATƏT-in atəşkəs rejiminin pozulmasını araşdırmaq imkanı əldə etməsinin vacibliyini göstərir".