“Opinion Way”: “Exit-poll” hər dairədə iki seçki məntəqəsində keçiriləcək
Bu gün Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiə Mərkəzinin sədri Elçin Salmanov və Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutunun vitse-prezidenti Bruno Jeanbart mətbuat konfransı keçiriblər.
APA TV-nin xəbərinə görə, Elçin Salmanov deyib ki, Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərdə rəhbərlik etdiyi mərkəz “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə “exit-poll” keçirəcək.
O qeyd edib ki, “exit-poll” Naxçıvan istisna olmaqla, 118 seçki dairəsi üzrə 210 seçki məntəqəsində keçiriləcək. “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu exit-pollun keçirilməsinə metodoloji dəstək verəcək, “exit-poll”a bağlı təşkilati işləri isə Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiə Mərkəzi həyata keçirəcək.
Bruno Jeanbart bildirib ki, “Opinion Way” 15 ildən çoxdur “exit-poll” sahəsində çalışır, bununla əlaqədar Fransa telekanalları ilə əməkdaşlıq edir. O, Yunanıstan, İslandiya və Kanadada “exit-poll” keçirdiklərini, dünyada həm də tədqiqat şirkəti kimi tanındıqlarını nəzərə çatdırıb: “Biz 15 ildən çoxdur “exit-poll” sahəsində çalışırıq, böyük təcrübəmiz var. “Exit-poll” hər dairədə iki seçki məntəqəsində keçiriləcək. Seçki məntəqələri ötən prezident və parlament seçkilərində seçici aktivliyi əsasında seçilib. “Exit-poll” zamanı respondentlərə 4 sual veriləcək, bunlardan biri kimə səs vermələri, digərləri isə yaşları, təhsili və cinsi ilə bağlıdır. Suallar seçicilərin profilini müəyyənləşdirmək üçün lazımdır”.
B.Jeanbart “exit-poll”un nəticələrini keçən parlament seçkilərinin nəticələri ilə müqayisə edəcəklərini də bildirib. “Exit-poll”un nəticələri seçkilər bitəndən 1,5 saat sonra - saat 20:30-da açıqlanacaq.