Prezident İlham Əliyev Misirin yeni səfirini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 29-da Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Suzanne Mohamed Gamilin etimadnaməsini qəbul edib.
APA TV-nin məlumatına görə, səfir Suzanne Mohamed Gamil fəxri qarovul dəstəsinin qarşısından keçib.
Suzanne Mohamed Gamil etimadnaməsini prezident İlham Əliyevə təqdim etdirib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Ölkələrimiz arasında ikitərəfli əlaqələrə toxunan Prezident İlham Əliyev bu əlaqələri irəli aparmaq üçün prioritetlərin dəqiq müəyyənləşdirilməsinin vacibliyini qeyd edib, iki ölkə arasında qarşılıqlı ticarətin səviyyəsinin artırılacağına ümidvar olduğunu bildirib. Ölkələrimizin yerləşdiyi regionlardakı vəziyyətə toxunan prezident İlham Əliyev hazırda təhlükəsizliyin bütün dünyada gündəlikdə duran ən vacib məsələlərdən biri olduğunu vurğulanıb. Dövlət başçısı səfirə ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Səfir Suzanne Mohamed Gamil Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin salamlarını dövlətimizin başçısına çatdırıb. Ölkəmizə səfir təyin olunmasından məmnunluğunu ifadə edən Suzanne Mohamed Gamil Azərbaycan ilə Misir arasında dost və qardaş münasibətlərinin mövcud olduğunu deyib, ölkəsini beynəlxalq təşkilatlarda daim dəstəklədiyinə görə prezident İlham Əliyevə və Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Səfir həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində ölkəsinin hər zaman Azərbaycana dəstək nümayiş etdirdiyini vurğulanıb.
Dövlət başçısı İlham Əliyev Prezident Əbdülfəttah əs-Sisinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Misir Ərəb Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.