Astarada ilk dəfə böyrək transplantasiyası əməliyyatı keçirildi

Bu gün Astara Mərkəzi Rayon Xəstəxanasında ilk dəfə böyrək transplantasiyası əməliyyatı keçirilib.

 

APA TV-nin cənub bürosunun xəbərinə görə, əməliyyat Mərkəzi Neftçilər Xəstəxanasının şöbə müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin rəhbərlik etdiyi həkim briqadası tərəfindən icra olunub.

 

Rayonun Kijəbə qəsəbə sakini, 1988-ci il təvəllüdlü Vüsalə Elşad qızı Babayevaya canlı donor olan anası, 1966-cı il təvəllüdlü Nazilə Əyyub qızı Babayevadan böyrək köçürülməsi əməliyyatı həyata keçirilib. Hazırda xəstəxananın reanimasiya şöbəsində olan ana və qızının vəziyyətlərinin yaxşı olduğu bildirilir.

 

Mərkəzi Neftçilər Xəstəxanasının şöbə müdiri Mircəlal Kazımi bildirib ki, əməliyyat normal şəkildə keçib: "Artıq deyə bilərik ki, xəstə normal həyatına qayıtdı. Bu günə kimi Mərkəzimiz tərəfindən Azərbaycanda bu əməliyyat da daxil olmaqla 233-cü böyrək köçürülməsi əməliyyatıdır".

 

Mərkəzi Neftçilər Xəstəxanasının həkim-cərrahı Eldar Əhmədovun sözlərinə görə, bununla 150 xəstənin azca kəsik yolu ilə böyrəyinin çıxarılmasına nail olunub: "Dünyanın böyük tibb mərkəzlərində bu üsuldan istifadə olunur. Xəstələrin də məhz bizi seçmələri tibbin nailiyyətləri hesabınadır".

 

Əməliyyat Səhiyyə Nazirliyi və Astara Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə son bir aydan bəri davam edən aksiya çərçivəsində keçirilib. Bununla yanaşı, Mərkəzi Neftçilər Xəstəxanasının və Respublika Diaqnostika Mərkəzinin həkim briqadaları tərəfindən Astara rayonu, ətraf qəsəbə və kəndlərdə 800-ə yaxın insanın tibbi müayinədən keçməsi təmin edilib, Astara Mərkəzi Rayon Xəstəxanasında isə bir neçə əməliyyat icra olunub.

 

Qeyd edək ki, Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası Şöbəsinin həkim briqadası tərəfindən indiyədək Cəlilabad, Quba, Qəbələ, Şamaxı, Şirvan və Naxçıvan şəhərlərində də böyrək transplantasiyası əməliyyatları həyata keçirilib.

 

Müxbir Ağəddin Babayev

Operator Rövşən Əzimov

Müəllif | Apa.Tv