Bakıda sevdiyi qızı öldürən keçmiş məhkum barədə polisə şikayət edilibmiş - TƏFƏRRÜAT
Nizami rayonunda, "Qara Qarayev" metro stansiyasının yaxınlığında satıcı qızın tanışı tərəfindən öldürülməsinin təfərrüatları məlum olub.
Nizami rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə bu gün saat 11.00 radələrində qeydə alınıb.
Aparılan araşdırmalar zamanı məlum olub ki, 22 yaşlı İlahə Həsən qızı Yusubova oğlan tanışı, 1990-cı il təvəllüdlü Salyan rayon sakini Babək Tərlan oğlu Əliyev tərəfindən küçədə bıçaqlanaraq qətlə yetirilib. Qətli törədən şəxs hadisə yerindən qaçsa da, bir saatdan sonra Nardaran qəsəbəsində həbs olunub.
İlkin məlumatda hadisəni törədən şəxsin İlahə Yusubovanı sevdiyi bildirilsə də, məlum olub ki, o, əks tərəfdən rədd cavabı alıb. Bu ilin iyun-iyul aylarında Babək Əliyev İlahə Yusubovanın qarşısını kəsib ona razılıq verməyəcəyi təqdirdə, rahat buraxmayacağını dediyindən, qızın ailəsi Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinə müraciət edib. Lakin bölmədən heç bir reaksiya verilməyib.
Qızın sevgisini qazana bilmədiyini görən Babək bu gün səhər saatlarında işə gedən İlahənin qarşısını kəsərək, onun fikrini növbəti dəfə soruşub. Yenidən rədd cavabı alan Əliyev Yusubovaya 7 bıçaq zərbəsi yetirib.
Qeyd edək ki, lisey məzunu olan İlahə Yusubova "Əhmədli" metro stansiyasının keçidində fəaliyyət göstərən dükanların birində satıcı işləyirmiş. Hadisəni törədən Babək Əliyevin əvvəllər məhkum olunduğu bildirilir.