AVCİYA parlament seçkiləri ilə bağlı monitorinqin nəticələrini açıqladı

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı apardığı monitorinqin nəticələrini açıqlayıb.

 

APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən AVCİYA seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, qərargah sentyabrın 1-dən oktyabrın 26-dək olan seçkiqabağı ictimai-siyasi mühitin monitorinqini aparıb: "Biz bütün bölgələrdə seçicilər üçün seminarlar təşkil etmişik. Apardığımız müşahidələrə əsasən deyə bilərik ki, Azərbaycanda stabil siyasi mühit formalaşıb. Azərbaycanda hazırkı seçkiqabağı mühit olduqca əlverişlidir və bu da seçkilərin şəffaf keçiriləcəyinə bir sübutdur. Azərbaycanda eyni zamanda sərbəst toplaşma azadlığı da təmin edilir". 

 
Mərkəzi Seçki Komissiyasına (MSK) verilən şikayətlərə də toxunan M.Zülfüqarlı qeyd edib ki, 21 dairə seçki komissiyasında namizədliyi qeydə alınmayanların hüquqları MSK-da bərpa edilib. MSK-ya daxil olan 94 müraciətdən 11-i təkrar olub. Beləliklə, MSK-ya 83 müraciət daxil olub.

 

Müəllif | Apa.Tv