Mətbuat yayımı şirkətinin yoxa çıxan müdir müavininin meyiti tapıldı - TƏFƏRRÜAT
Bakıda axtarışda olan şəxsin meyiti tapılıb. APA TV-nin məlumatına görə, hadisə Nizami rayonunda Elşən Süleymanov və Bəhruz Nuriyev küçəsinin kəsişməsindəki yarımçıq tikilidə qeydə alınıb.
Nizami Rayon Polis İdarəsinə tikintinin lift boşluğundan kəskin qoxunun gəlməsi ilə bağlı məlumat daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları liftin boşluğunda meyit aşkarlayıblar. Meyiti götürmək mümkün olmadığından Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" xidmətinə zəng vuraraq kömək istəyiblər. Dərhal hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları yollanıblar. Liftin şaxtasındakı meyit xüsusi alət və avadanlıqların köməyi ilə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə yerinə gələn Nizami Rayon Prokurorluğunun əməkdaşları araşdırmalara başlayıblar. Üstündən çıxan mobil telefon vasitəsilə tapılan meyitin bu ilin sentyabr ayından axtarışda olan 1962-ci il təvəllüdlü Hadiyev Fuad Həsən oğluna məxsus olduğu müəyyən olunub. O, "Qaya" Mətbuat Yayımının Marketinq şöbəsinin müdir müavini vəzifəsində çalışırmış. Sonuncu dəfə sentyabrın 19-da Nizami rayonu ərazisində yerləşən "Xudafərin" şadlıq evindəki toy məclisində iştirak edib. Məclisi tərk edəndən sonra isə yaşadığı Nəsimi rayonundakı evinə qayıtmayıb. Yaxınları onu güman etdikləri bütün ünvanlarda axtarıblar. Lakin Fuad Hadıyevi "gördüm" deyən olmayıb. Bundan sonra onun yaxınları polisə müraciət ediblər. Nizami Rayon Polis İdarəsi əməkdaşlarının da axtarışları nəticə verməyib. Fuad Hadıyev itkin düşəndən 1 gün sonra yaxınları ilə əlaqə saxlaya bilib. Vəziyyətinin ağır olduğunu deyən Fuadın bundan sonra telefonu sönüb. Yerini, harada olduğunu öyrənmək mümkün olmayıb.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.