Dükan sahibi kameradan izlədi, maskalılar mağazanı yardı - BAKIDA KURYOZ OĞURLUQ

Suraxanı rayonu Hövsan qəsəbəsində oğurluq hadisəsi qeydə alınıb. APA TV-nin məlumatına görə, hadisə qəsəbənin Quşçuluq massivində yerləşən mağazalardan  birində qeydə alınıb.

 

Naməlum şəxslər gecə saat 4:00 radələrində mağazanın dəmir barmaqlıqlarını sındıraraq içəri daxil olublar. Onlar xeyli ərzaq məhsullarını, dəyəri 500 manata yaxın siqaret, 300 manatdan çox danışıq kartı, 700 manat nağd pul və bir qutu yumurta aparıblar. Monitorda oğruları görən ev sahibləri dərhal həyətə düşüblər. Mağaza  evin qarşısında olduğundan, evin həyətindən dükana açılan qapını oğrular içəridən bağlayıblar.

 

Mağaza sahibinin sözlərinə görə, bu ilk oğurluq hadisəsi deyil. Eyni oğrular bir dəfə də mağazanı qarət ediblər. Bundan əvvəl onlar mağazanı damdan düşüb yarıblar. Hətta görüntüləri də qeydə alınıb. Amma nə hadisənin üstü açılıb, nə də oğrular tapılıb.

 

Qeyd edək ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, əl-barmaq izlərini götürüblər. Faktla bağlı Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv