Dostunun kreditinə görə babasının inəklərini oğurladı - NONSENS
Şəmkir rayon Şiştəpə kənd sakini Oruc Hüseynovun hər birinin dəyəri 1000 manat olan iki inəyin oğurlandığı barədə polisə məlumat daxil olub.
APA TV-nin qərb bürosunun məlumatına görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğuluq törətməkdə şübhəli bilinən Şiştəpə kəndində yaşayan, 1989-cu il təvəllüdlü Nağıyev Səfər Novruz oğlu və 1993-cü il təvəllüdlü həmin kənd sakini Mahmudov Əvəz Azad oğlu saxlanılıb.
Müstəntiq Taleh Şamilovun sözlərinə görə, məlum olub ki, Əvəz Mahmudov zərərçəkən Oruc Hüseynovun nəvəsidir.
Gənclər oğurladıqları mal-qaranı Zəyəm qəsəbəsi ərazisindəki bazara gətirərək orada 200 manata satıblar. Əldə etdikləri pulu isə öz aralarında bölərək banka olan kredit borclarını ödəyiblər.
Səfər Nağıyev: "Mərkəzdə birlikdə çay içdik. Sonra isə qərara gəldik ki, Əvəzin babası Oruc kişinin tövləsindən oğurluq edək. Gedib heyvanları oğurladıq. Sonra isə 200 manata satıb, aramızda böldük. 40 manatını kreditə verdim. Yerdə qalanını isə xərclədim".
Babasının evindən oğurluq edən Əvəz Mahmudov əməlinə görə peşman olduğunu bildirib. Saxlanılan şəxs onu oğurluğa dostunun vadar etdiyini deyib: "Babamın evi idi. Səfərlə getdik, tövlədən açıb çıxardıq. Sonra isə Zəyəm bazarında satdıq".
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. İstintaq aparılır.