Avropa Parlamentinin üzvü: "Ermənilərin işğalına son qoyulmalıdır"
“Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağı və Azərbaycanın yeddi ətraf rayonunu işğal altında saxlamaqda davam etməsi beynəlxalq hüququn, o cümlədən, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş qətnamələrin pozulması kimi qiymətləndirilməlidir”.
APA TV-nin məlumatına görə, bunu Avropa Parlamentinin üzvü Vasilika Viorika Dancila Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Avropa Azərbaycan Cəmiyyətinin (AAC) sorğusuna cavabında bəyan edib. O, qətnamələrin qəbulundan 20 il keçməsinə baxmayaraq, Ermənistanın beynəlxalq hüququ pozaraq, Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğalını davam etdirdiyini bildirib: “Buna son qoyulmalıdır. Azərbaycanlı məcburi köçkünlər Azərbaycanın işğal altındakı ərazilərinə təhlükəsiz qayıtmaq hüququnu özündə saxlayırlar. Azərbaycan Avropa Qonşuluq Siyasətinin bir hissəsidir və Avropa Birliyi tərəfdaş ölkələrlə sülhsevər münasibətlərin qurulmasında çox maraqlıdır. Odur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Avropa nöqteyi-nəzərindən çox vacibdir".
Onun sözlərinə görə, Avropa Birliyi hər zaman bəyan edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapmalıdır. "Misal kimi, 2010-cu ilin mayında Dağlıq Qarabağda keçirilmiş qondarma parlament seçkilərini və ya 2012-ci ilin iyulunda keçirilmiş qondarma prezident seçkilərini göstərmək olar. Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, xanım Ketrin Eşton sözügedən seçkilərin qeyri-legitimliyini açıq şəkildə bəyan edib. Beynəlxalq hüquq Dağlıq Qarabağı tanımır və bu seçkilər işğala dair mövcud “status-kvo”nun yolverilməzliyi fikrini daha da gücləndirdi. Belə bir vəziyyət Avropa Birliyinin marağında ola bilməz” deyə Vasilika Viorika Dancila bildirib.