Güclü leysan yağışları Cəlilabadda ciddi fəsadlar yaradıb - TƏBİİ FƏLAKƏT

Oktyabrın 28-də gecə saatlarından başlayan güclü yağıntılar Cəlilabad rayonu ərazisində çaylarda suyun səviyyəsini maksimum həddə çatdırıb. APA TV-nin Cənub bürosunun məlumatına görə, rayonun ayrı-ayrı yaşayış məntəqələrində və Cəlilabad şəhəri ərazisində  bir sıra ictimai və iaşə obyektlərini, evləri, həyətyanı sahələri və əkin yerlərini su basıb. Ötən gün axşam saatlarında Cəlilabad şəhərinin mərkəzindən keçən Mişarçay çayı məcrasından çıxıb. Qoruyucu bəndin sel sularının altında qalması bir neçə kənddə su basma təhlükəsi yaradıb.

 

Fövqəladə Hallar Nazirliyinin və yerli qurumların əməkdaşlarının birgə səyləri ilə ağır texnikalar cəlb olunmaqla çaysahili ərazilərdə bənd boyu qoruyucu zolaqlar  çəkilib. Lakin yağışın daha da intensivləşməsi çayda suyun səviyyəsini artırıb. Mişarçay bəndinin dağılmasının qarşısını almaq üçün ərazidəki əsas körpüdə nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayandırılıb və çayın axını istiqamətində əlavə suötürücü kanallar qazılıb.

 

Güclü yağış  rayonun Sabirabad kəndində də daşqına səbəb olub. Axşam saatlarında kənddən keçən Qarayar çayının məcrasından çıxması 50-ə yaxın yaşayış evinin, tövlələrin və əkin sahələrinin su  altında qalması ilə nəticələnib.

 

Hazırda  daşqına məruz qalmış ərazilərə müxtəlif təyinatlı texnikalar cəlb olunub. 

Müəllif | Apa.Tv