FHN cənub bölgəsində leysanın törətdiyi fəsadları aradan qaldırır

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti respublikanın cənub bölgəsində intensiv yağışların törətdiyi fəsadlar və onların nəticələrinin aradan qaldırılması haqqında məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən APA TV-yə verilən məlumatda bildirilir ki, son günlər yağan intensiv yağışlar Cəlilabad, Masallı və Lənkəran rayonlarının ərazisində bəzi fəsadlar törədib. Bu ərazidə yerləşən bəzi çaylarda suyun səviyyəsi qalxaraq müəyyən yerlərdə çökək əraziləri, bəzi fərdi yaşayış evləri və sahələri basıb.

 

Dərhal Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının  38 nəfər  zabit-gizir heyəti və 76 əsgəri, 13 ədəd texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 21 nəfər şəxsi heyəti, 3 ədəd texnikası, Dövlət Sularda Xilasetmə Xidmətinin  15 nəfər şəxsi heyəti, 6 ədəd qayığı və Dövlət Yanğından Mühafizə Xidmətinin 20 nəfər şəxsi heyəti, 1 ədəd texnikası hadisə ərazisinə cəlb olunub, Cəlilabad rayonunda  Əməliyyat qərargahı yaradılıb, rəhbər heyət bölgəyə ezam edilib. Görülmüş operativ tədbirlər nəticəsində Masallı rayonu, Təklə kəndində 68 evin sakini, Syobli kəndində 2 ailə (6 nəfər), Lənkəran rayonu, Qöyşaban kəndində 1 ailə (3 nəfər) təxliyə edilib.

 

Göytəpə su anbarında suyun axınını tənzimləmək və yaranan təhlükəni aradan qaldırmaq üçün əlavə kanallar açılıb. Hazırda suyun səviyyəsi aşağı düşüb,  yağıntının miqdarı azalıb və təhlükə qalmayıb.

 

Suçəkmə və digər təxirəsalınmaz işlər davam etdirilir.

Müəllif | Apa.Tv