MSK sədri: “Seçkilərdə 1 mandat uğrunda təxminən 6 namizəd mübarizə aparır”

Parlament seçkilərinə hazırlıqla bağlı bütün lazımi işlər nəzərdə tutulmuş vaxtda həyata keçirilib. APA TV-nin məlumatına görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, sabah 5 milyon 200 minə yaxın seçici öz səsvermə hüququndan istifadə edə biləcək.

 

MSK sədri parlamentdəki 125 yer uğrunda 767 namizəd mübarizə aparacağını deyib:

 

"Ən çox namizəd olan dairədə 12, ən azı namizəd olan dairədə isə 3 namizəd var. Seçkilərdə 15 siyasi partiya birbaşa partiya olaraq, 7 partiya isə “Azadlıq-2015” seçki bloku ilə iştirak edir. Çox sevindirici haldır ki, Milli Məclisdə bir yer uğrunda təxminən altı namizəd mübarizə aparır".

 

MSK sədri əlavə edib ki, 1000 seçki məntəqəsinə veb-kameralar quraşdırılıb:

 

"MSK-nın saytına daxil olmaqla hər bir şəxs məntəqələrdəki seçki prosesini izləyə biləcək. Bu il quraşdırılan kameralar əvvəlkilərdən çox keyfiyyətlidir".

 

MSK sədri səsvermə prosesini çoxlu sayda yerli və xarici müşahidəçilərin izləyəcəyini deyib:

 

"Azərbaycanda keçiriləcək parlament seçkilərində kifayət qədər yerli və beynəlxalq müşahidəçilər var. Ümumilikdə, 66 mindən artıq müşahidəçi qeydiyyatdan keçib. Mərkəzi Seçki Komissiyasında (MSK) isə 503 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib".

 

M. Pənahov bildirib ki, seçkilərdə 4 təşkilat "exit-poll" həyata keçirəcək.

 

Müsavat Partiyasının parlament seçkilərində iştirakı dayandırmaq qərarına münasibət bildirən MSK sədri qeyd edib ki, bu qərar başqa məqsədə çatmaq üçün hesablanmış addımdır:

 

Müsavat Partiyasının namizədlərinin adları seçki bülletenində saxlanılacaq. Seçici gəlib, həmin namizədə səs verəcək. Əgər o namizəd seçiləcəksə, deputat sayılacaq. Deputatlıqdan imtina məsələsi isə həmin namizədin öz hüququdur. Heç kəs bu namizədlərin adını seçki bülletenindən çıxara bilməz. Bu cür müraciətlər təmin oluna bilməz. Seçkilərə 10 gün qalmış seçkidən imtina etmək olardı. Ancaq indiki halda bu, qeyri-mümkündür".

Müəllif | Apa.Tv
Apa.tv