Lənkəranda təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına başlanılıb
Dünən gecədən başlayaraq Lənkəran rayonuna yağan intensiv yağıntının miqdarı azalmağa başlayıb. APA TV-nin Cənub bürosunun məlumatına görə, rayonun əksər kəndlərini cənginə alan və ciddi problemlər yaradan sel sularının çəkilməsinə baxmayaraq, daşqınların yaratdığı çətinlikləri aradan qaldırmaq hələ də tam mümkün olmayıb.
Selin nəticəsi olaraq rayonda 500-ə yaxın sakinin yaşadıqları evləri təhlükəli vəziyyətə düşdüyündən onlar müvəqqəti olaraq qohumlarının yanına köçürülüb. 1300 yaşayış evinin həyətyanı sahəsi və zirzəmisi suyun altında qalıb. Rayonun Boladi kəndində dəmir konstruksiyalı körpünün daşqının təsirindən qəzalı vəziyyətə düşməsi 100-dən artıq ailənin əlavə problemlərlə üzləşməsinə rəvac verib.
Boladi kənd sakini Vurğun Ağayevin sözlərinə görə, sel çox güclü olub: “Bu dəfə gələn sel həddindən artıq güclü oldu. Gördüyünüz kimi, sel körpüdə olan çərçivələri və körpünün qabaq hissəsini qazıb”.
Kənddə daha 300 ailənin yaşadığı evləri su basdığından əraziyə ağır texnika və canlı qüvvə cəlb olunub. Təbii fəlakət nəticəsində burada insan itkisi olmasa da, xeyli sayda ev quşları, iri və xırda buynuzlu mal-qara tələf olub.
Bundan başqa rayon ərazisində daha bir neçə yerdə dəmir-beton körpü və piyada keçidləri sıradan çıxıb.
Daşqınlar Veravulçay üzərindəki körpü üçün də təhlükə yaradıb. Güclü selin gətirdiyi iri gövdəli ağaclar körpünün dayaqlarında yığılıb, lakin 42 saylı Lənkəran Rayon Yol İstismar Sahəsinin işçilərinin və ağır texnikasının müdaxiləsindən sonra qəza şəraiti vaxtında aradan qaldırılıb.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Möhübbət Babayevin APA TV-nin yerli bürosuna verdiyi məlumata görə, rayon ərazisində 3 avtomobil körpüsünün dayaqlarını su yuyaraq qəzalı vəziyyətə salıb. 7-dən artıq dəmir konstruksiyalı piyada keçidlərini sel yuyaraq aparıb. Dağ kənd massivlərində torpaq sürüşməsi nəticəsində yollara çoxlu torpaq kütləsi tökülüb, diametri min metrdən artıq borunu sel suları yuyub aparıb. Həmçinin dağ massivində yaşayan vətəndaşların köhnə evlərində də sürüşmələr qeydə alınıb.
“Bundan başqa sel nəticəsində Lənkəran şəhərini içməli su ilə təmin edən 720 mm 2 su borusu qəzalı vəziyyətə düşüb. Fövqəladə Hallar Nazirliyinin yüksək rütbəli vəzifəli şəxsləri rayona ezam olunublar. Onların gəlişinin əsas məqsədi rayonun infrastrukturuna dəymiş ziyanın məbləğinin müəyyən edilməsi, subasma hallarının səbəbləri və gələcəkdə bellə təbii fəlakətlərin baş verməməsi üçün tədbirlərin görülməsi və araşdırılmasından ibarətdir”.
Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir.