Bu gün Azərbaycanda parlament seçkiləri keçirilir
Bu gün beşinci çağırış Azərbaycan Milli Məclisinə seçkilər keçirilir. APA TV-nin məlumatına görə, 125 seçki dairəsi üzrə keçirilən seçkilərdə 767 namizəd mübarizə aparır. Namizədlər 20-dən çox siyasi partiya və partiyalar blokunu təmsil edir. Seçkilərin gedişini Avropa Şurası Parlament Assambleyasının, Müstəqil Dövlətlər Birliyinin və digər beynəlxalq təşkilatların müşahidə missiyaları izləyəcək. Səsvermə günü seçki məntəqələrinin qarşısında dörd təşkilat tərəfindən “exit-poll” keçiriləcək. Səsvermə prosesinin təşkilinə məsul olan 32 mindən çox dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün seçkilərdən əvvəl treninqlər keçirilib. Səsvermənin gedişinin seçkilərdə iştirak edən siyasi partiyaların təmsilçiləri, media nümayəndələri müşahidə edəcəklər. Səhər saat 8.00-da başlayacaq səsvermə axşam 19.00-da başa çatacaq. MSK nəzdində fəaliyyət göstərən “Seçkilər” İnformasiya Mərkəzində gün ərzində səsvermənin gedişi ilə bağlı 5 dəfə mətbuat konfransı keçiriləcək. Səsvermənin ilkin nəticələri axşam saatlarında açıqlanacaq.