Türkiyədə parlament seçkiləri keçirilir
Bu gün Türkiyə Böyük Millət Məclisinə növbədənkənar seçkilər keçirilir.
APA TV-nin Türkiyə müxbiri xəbər verir ki, səsverməyə Türkiyə vaxtı ilə saat 08.00-da (Bakı vaxtı ilə saat 09.00) start verilib.
Ali Seçki Şurasının elan etdiyi rəqəmlərə görə, bu seçkidə ölkə daxilində 54, ölkə xaricində isə 3 milyon nəfər seçici səs verəcək. Oktyabrın 10-da Türkiyənin xaricdəki diplomatik missiyalarında başlayan səsvermə ayın 25-də başa çatıb. Ali Seçki Şurası ölkənin şərq və cənub-şərq bölgələrindəki bəzi vilayətlərdə səsvermənin saat 16:00-da başa çatmasını qərarlaşdırıb. Seçkinin ilk nəticələri Türkiyə vaxtı ilə saat 20.00-da (Bakı vaxtı ilə 21.00) elan ediləcək.
Qeyd edək ki, Türkiyədə sonuncu parlament seçkisi 7 iyunda keçirilib. 13 ildən bəri təkbaşına iqtidarda olan Ədalət və İnkişaf Partiyası (AKP) 7 iyundakı seçkidə 258 mandat qazansa da, təkbaşına iqtidarını davam etdirməsi mümkün olmayıb. Çünki hər hansı hökumətin parlamentdən etimad ala bilməsi üçün 276 millət vəkili yeri qazanması tələb olunur. 7 iyundakı seçkinin nəticəsinə görə, Türkiyədə ya koalisiya hökuməti, ya da parlamentdəki digər 3 partiyadan birinin dəstəyi ilə AKP-nin azlıq hökuməti qurula bilərdi. Koalisiya müzakirələrinə başlayan AKP-nin cəhdləri uğursuzluqla nəticələnib.
Konstitusiyaya görə, parlamentdəki partiyalar seçkidən sonrakı 45 gün müddətində yeni hökumət qura bilmədiyi halda, prezidentin yeni seçki tarixi elan etmə səlahiyyəti var. Bu səbəbdən prezident Ərdoğan növbədənkənar seçki qərarı qəbul edib.