İŞİD: Rusiya təyyarəsini biz vurmuşuq - VURULMA ANI
İŞİD terror qruplaşması Misirdə qəzaya uğramış Rusiyaya məxsus sərnişin təyyarəsini vurduğunu iddia edərək məsuliyyəti öz üzərinə götürüb.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, terror qruplaşması təyyarənin vurulma görüntülərini yayıb.
Məlumat rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Silahlıların 10-11 km hündürlükdə uçan hədəfi vura biləcək silaha malik olmadığı bildirilir. Rusiya və Misirin rəsmi qurumları bu məlumatı təkzib ediblər. Rəsmi qurumlar texniki nasazlığın qəzaya səbəb olduğunu əsas versiya kimi göstərir.
Qeyd edək ki, Misirdən Sankt-Peterburqa uçan “Koqalımavia” şirkətinə məxsus təyyarə Sinay yarımadası üzərində qəzaya uğrayıb. Nəticədə 217 sərnişin və 7 ekipaj üzvü olmaqla 224 nəfər həlak olub. Ölən 224 nəfərdən 25-i uşaqdır. Rusiyada 1 noyabrı tarixi matəm günü elan edib. Misir xilasediciləri isə Sinay yarımadasında ölənlərdən 129 nəfərin cəsədini aşkarlayıb.
Bu arada Almaniyanın "Lufthansa" aviaşirkəti Rusiyaya məxsus “Airbus 321” sərnişin təyyarəsinin Misirdə qəzaya uğramasından sonra təhlükəsizlik baxımından Sinay yarımadası üzərindən uçuşları dayandırıb. Bundan əvvəl "Air France" aviaşirkəti də eyni açıqlamanı verib. Birləşmiş Ərəb Əmirliklərinə məxsus "Emirates" aviaşirkəti də avropalı həmkarlarının qərarına qoşulub.