Bölgələrdə seçici aktivliyi müşahidə olunur
Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə 4 deputat mandatı uğrunda 25 namizəd mübarizə aparır. Saat 10-a olan məlumata görə seçicilərin 9,28 faizi səsvermədə iştirak edib.
APA TV-nin qərb bürosunun məlumatına görə, şəhərdə olan 4 seçki dairəsində 151 745 seçici var. Saat 10:00-a kimi seçki hüququ olanların 9,28 faizi, yəni 14 085 nəfəri seçkilərdə iştirak edib.
Gəncədə 37, 38, 39 və 40 saylı olmaqla 4 dairə üzrə 113 seçki məntəqə fəaliyyət göstərir. Məntəqələrin 40-da veb-kameralar quraşdırılıb ki, gün ərzində seçki prosesi internet vasitəsilə canlı olaraq yayımlanır. 44 məntəqədə isə əlil arabaları ilə hərəkət edənlərin binaya daxil olması üçün xüsusi panduslar quraşdırılıb.
Dairə Seçki komissiyalarından verilən məlumata görə, Gəncədə 1642 müşahidəçi qeydiyyata alınıb. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının nümayəndələri və MDB PA-nın xətti ilə gələn beynəlxalq müşahidəçilər də Gəncədə seçki prosesini müşahidə edir.
Lənkəran rayonunda səhər saat 08.00-da parlament seçkilərinə start verilib.
APA-nın bölgə müxbirinin xəbərinə görə, 73 saylı Lənkəran şəhər seçki dairəsinin 6 saylı seçki məntəqəsində səhər saat 07.30-da bir daha məntəqə seçki komissiyasının üzvləri arasında iş bölgüsü dəqiqləşdirilib. Seçki Məcəlləsinə uyğun olaraq istifadə edilməmiş qeydiyyatdan çıxma vəsiqələri ləğv edilib, səsvermə qutuları kilidlənib, müvafiq akt yazılıb. Bütün bu prosesi yerli müşahidəçilər də izləyib.
Məntəqədə 1367 seçicinin adı seçici siyahısına salınıb. 73 saylı Lənkəran Şəhər Seçki Dairəsinin sədri Kərim Heydərov bildirib ki, dairə üzrə qeydiyyata alınmış 36433 nəfər seçicidən 560 nəfəri ilk dəfə səs verəcək. 80 və 100 yaş arasında olan seçicilərin sayı isə 282 nəfərdir. Seçicilər 6 namizəd arasından seçim edəcək.
Qeyd edək ki, Lənkəran rayonu üzrə ümumilikdə 4 seçki dairəsi fəaliyyət göstərir. Onlardan biri Masallı, digəri isə Astara rayonu ilə ortaq fəaliyyət göstərir.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, şimal bölgəsində fəaliyyət göstərən 6 dairə seçki komissiyasının 16 seçki məntəqəsində “exit poll” keçirilir. 51 saylı Qusar seçki dairəsində 1, 52 saylı Quba seçki dairəsində 4, 53 saylı Quba-Qusar seçki dairəsində 6, 54 saylı Şabran-Siyəzən seçki dairəsində 2, 55 saylı Xaçmaz şəhər seçki dairəsində 2, 56 saylı Xaçmaz kənd seçki dairəsində isə 1 məntəqədə “exit poll” keçirilir.
Səhər saatlarında APA TV-nin əməkdaşları Qusar rayonunda yerləşən 2 saylı seçki məntəqəsində seçkinin gedişini izləyiblər. Seçki məntəqəsinin sədri bu vaxta qədər hər hansı bir problemin olmadığını bildirib.
54 saylı Şabran-Siyəzən seçki dairəsinin 1 saylı seçki məntəqəsində olan rusiyalı müşahidəçilər seçkilərin gedişatını izləyiblər. Onların Şabranın daha bir neçə məntəqəsi və Siyəzən rayonunda prosesi izləyəcəklərini bildirib.