Tələbənin ən böyük problemi - yataqxana…

Vüqar Qurbanov Gəncədə olan ali təhsil müəssisələrinin birində 4-cü kursda oxuyur. Dediyinə görə, yola saldığı tələbəlik illərində daha çox rastlaşdığı çətinlik kirayə evlərlə bağlı olub. Vüqar bildirir ki, yeni tədris ili başlayıb, amma onun birinci işi özünə qalmaq üçün kirayə ev tapmaqdır. Tələbələr üçün yataqxanalar olmadığından, əksər tələbələr kimi o da kirayə evlərdə qalmaq məcburiyyətindədir.

 

APA TV-nin Gəncə bürosunun məlumatına görə, tələbələr əsasən, təhsil aldıqları müəssisələrin ətrafında qalmaq istəyirlər. Bu baxımdan da yerləşdiyi yerdən və evin şəraitindən asılı olaraq qiymət dəyişir. Hazırda Gəncədə orta təmirli şəraitdə olan mənzillər də bir tələbənin yaşaması üçün aylıq qiymət 50-100 manat arasındadır. Kirayə ev vermək istəyən vətəndaşlar kağızda müxtəlif mövzulu elanlar yazaraq, şəhərin bəzi yerlərinə yapışdırırlar. Əsasən, qızlar üçün kirayə ev verənlər üstünlük təşkil edir. Tələbələrin yataqxana problemi ötən əsrin 90-ci illərindən yaranıb. Ermənilər torpaqlarımızın bir hissəsini işğal etdikdən sonra yurd-yuvalarından didərgin düşən məcburi köçkünlər ali təhsil müəssisələrinin yataqxanalarında məskunlaşıblar. Həmin vaxtdan da tələbələrin kirayə evlərdə qalmaq məcburiyyəti yaranıb. Lakin ekspertlər yataqxanaların tələbələrin həyatında mühüm əhəmiyyətə malik olduğunu bildirilər. Gəncədə tələbələrin yaşayış yeri ilə təmin edilməsi üçün artıq Azərbaycan Dövlət Aqrar Universitetdə yeni 9 mərtəbəli mehmanxana tipli yataqxananın tikintisinə başlanılıb. Bu ilin əvvəlində təməli qoyulan 1300 yerlik yataqxananın gələn tədris ili üçün istifadəyə verilməsi planlaşdırılır. Gəncədə 4 ali təhsil müəssisəsi və bir neçə kollec fəaliyyət göstərir. Ümumilikdə 10 minə yaxın tələbə Gəncədə qalaraq təhsil alır. Onlardan 8 mini kirayə evlərdə yaşayır.

 

Müəllif | Apa.Tv
Vüsal Məmmədov