Beynəlxalq müşahidəçilər seçki prosesini necə dəyərləndirir? - SORĞU

“Gəncədə müşahidə etdiyimiz məntəqələrdə heç bir nöqsan görmədik”. APA TV-nin qərb bürosunun məlumatına görə, bunu Gəncədə seçkiləri müşahidə edən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının sədr müavini Ömər Kocaman bildirib.

 

O qeyd edib ki, müşahidələrə bu gün səhər saatlarından başlanılıb: “Seçicilərin məlumatlı olması və bu prosesə fəal iştirak etməsi bizi sevindirdi. Olduğumuz məntəqələrdə siyasi partiyaları təmsil edən və öz təşəbbüsü ilə gələn müşahidəçiləri gördük. Bu da Azərbaycanda demokratik seçkilərin keçirilməsini göstərir. Ümid edirik ki, bu seçkinin nəticələri Azərbaycan üçün xeyirli olacaq, ölkənin irəliləməsinə töhfə verəcək. Müşahidə etdiyimiz məntəqələrdə hər hansı nöqsan görmədik. Bu gün Türkiyədə də seçkilərdir. Ümid edirik ki, bir millər iki dövlət olan Türkiyə və Azərbaycan bu seçkilərdən güclənərək çıxacaq”.

 

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasınının üzvü Amantay Şarip isə Gəncəyə bir neçə gün əvvəl gəldiyini bildirib. Onun sözlərinə görə, o həmkarları ilə birlikdə şəhərdə seçki prosesinə hazırlıq işləri ilə maraqlanıb: “Seçkilərə hazırlıq işlərindən razı qaldıq. Hazırlıq prosesi beynəlxalq standartlara cavab verir. Səsvermə üçün lazımi şərait yaradılıb. Bu gün səhərdən məntəqələrdə müşahidələrə başladıq. Seçici aktivliyi getdikcə artır. Səhər saatlarında seçicilərin sayı bir qədər az olsa da, getdikcə artmağa başlayıb. Əsas odur ki, seçkilər layiqli şəkildə keçir. Hər hansı nöqsan hələlik görməmişik”.  

 

Avropa İttifaqının Litvadan olan müşahidəçisi Povelas Jaqunis isə Şirvan şəhərində müşahidə aparır: "İndiyə kimi üç məntəqədə olmuşam. Hesab edirəm ki, səsvermə prosesi normal sakit şəraitdə keçir. İndiyə kimi heç bir qanun pozuntusu müəyyən edilməyib. Mən sizə uğurlu seçki prosesi arzulayıram. Layiq olan qalib gəlsin!"

 

MDB müşahidə missiyasının təmsilçisi Qalina Valeyeva: "İndiyədək 10 seçki məntəqəsində müşahidə aparmışam. Onu deyə bilərəm ki, işin yüksək səviyyədə təşkil olunması diqqətimi cəlb etdi. Əgər ilk saatlarda səsvermədə iştirak etmək üçün məntəqələrə az sayda seçici gəlirdisə, hazırda biz insan axınını müşahidə edirik. Qanun pozuntularına gəlincə, hər məntəqəyə 12-dən on altıyadək nümayəndə ezam olunub. Müşahidə aparılan məntəqələrin heç birində tərəfimizdən hər hansı bir qanun pozuntusu qeydə alınmayıb".

 

Avropa İttifaqının müşahidə missiyasının üzvü Briqidius Komskas: "Təəssüratlarım yüksək səviyyədədir. Ümumilikdə seçki prosesi qanuna uyğun şəkildə keçir. Bununla bağlı hər hansı bir iradımız yoxdur. Mən özüm 6 seçki məntəqəsində şəxsən olmuşam. Səsvermə barəsində yalnız müsbət fikirlərim var".

 

Müəllif | Apa.Tv
Azər Məmmədli