Məzahir Pənahov: "Pənah Hüseynin nümayəndəsi 2 seçicinin əlindən bülleteni alaraq, qaçıb"
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 10 saylı Binəqədi III seçki dairəsinin 31 saylı seçki məntəqəsində səs verib.
APA TV-nin məlumatına görə, səsvermədən sonra jurnalistlərə açıqlama verən MSK sədri bildirib ki, səsvermə üçün 5547 məntəqə hazır vəziyyətə gətirilib. Seçki məntəqələri vaxtında açılıb, saat 08.00-da səsvermə başlayıb.
"Saat 12:00-dək seçicilərin 28,2 faizi səsvermədə iştirak edib. Hesab edirəm yaxşı nəticədir. Heç bir ciddi qanun pozuntusu qeydə alınmasa da, bəzi xoşagəlməz hallar baş verib. Məsələn, 63 saylı Sabirabad I seçki dairəsində deputatlığa namizəd Pənah Hüseynin səlahiyyətli nümayəndəsi 2 seçicinin əlindən bülleteni alaraq, qaçıb. Bir seçki dairəsində namizədlərdən biri məntəqə seçki komissiyasının üzvü olan xanımı təhqir edib. Belə hallar qeydə alınsa da, nəticələrə təsir edəcək hadisələr baş verməyib. İndiyədək MSK-ya rəsmi şikayət daxil olmayıb".
Məzahir Pənahov bildirib ki, səsvermə prosesi saat 19:00-da başa çatacaq. MSK sədri əlavə edib ki, gecə saat 12:00-də ilkin nəticələr açıqlanacaq.