Almaniyalı müşahidəçilər: "Qanun pozuntusu ilə qarşılaşmamışıq"
“Biz indiyədək 3 seçki məntəqəsində müşahidə aparmışıq. Burda gördüklərimizdən razıyıq”. Bu sözləri APA TV-nin şimal bürosuna Quba rayonunda 52 saylı Quba seçki məntəqəsinin 15 saylı seçki məntəqəsində müşahidə aparan Almaniyadan olan müşahidəçi xanım Gabriela Habsburq deyib.
Onun sözlərinə görə, Azərbaycanda bir neçə dəfə seçkiləri müşahidə edib: "Azərbaycan xalqı çox qonaqpərvər xalqdır. Bizi hər yerdə xoş qarşılayırlar. Şimal bölgəsinə məmnuniyyətlə gəldim. Quba Azərbaycanda sevdiyim rayonlardandır və burda olmaq mənimçün xoşdur".
Gabriela Habsburq müşahidə etdikləri seçki məntəqələrində qanun pozuntuları rastlaşmadıqlarını və gördüklərindən razı qaldığını vurğulayıb.
Müşahidə qrupunun üzvü Qusar rayonunda yerləşən bir neçə məntəqədə də müşahidə aparacaq.
Lənkəranda parlament seçkilərini müşahidə edən Almaniyanın Yaşıllar Partiyasının nümayəndəsi d-r Elizabet Aytman APA TV-nin cənub bürosuna açıqlamasında bir neçə seçki məntəqəsində olduqlarını bildirib: "Bizim qənaətimizcə, hər şey öz qaydasında gedir”.
Onun sözlərinə görə, seçki məntəqələrində yaradılmış şərait qənaətbəxşdir: "Müşahidə prosesində bəzən adamların az gəldiyinin şahidi olduq. Bu da çox güman ki, yağmurlu hava şəraiti ilə bağlıdır. Çox hallarda isə seçicilər qrup şəklində gəlməklə seçkilərdə iştirak edirlər".
Almaniyalı müşahidəçinin sözlərinə görə, ilk dəfədir ki, Azərbaycanda belə bir məsul missiyanı yerinə yetirir.