Məhkumlar belə səs verdi - REPORTAJ

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələrinin bir neçəsində keçirilən səsverməni KİV nümayəndələri də izləyib.

 

APA TV-nin çəkiliş qrupu 2, 9 və 17 saylı müəssisələrdə seçkilərinin gedişini izləyib. Cəzaçəkmə müəssisələrində yaradılan 14 saylı Xəzər dairə seçki komissiyasının 37, 38, 39 saylı seçki məntəqələrində səsvermə hüququ olan məhkumlar səs verib.

 

Seçici Mais Nəcəfov: "Mən istədiyim namizədə səs verdim. Yeni məclisdən bir məhkum kimi növbəti amnistiya aktının hazırlanmasını gözləyirəm".

 

38 saylı məntəqənin sədri Sərdar Məmmədovun sözlərinə görə, indiyə kimi məhkumların çox hissəsi istədikləri namizədlərə səs verib. Heç bir qanun pozuntu qeydə alınmayıb. Müəssisə rəhbərliyi tərəfindən səsvermə prosesinə müdaxilə halları baş verməyib. Məhkumlar Mais Nəcəfov, Qabil Əlizadə, Vasif Əliyev seçkinin gedişatından razılıqlarını  bildiriblər.

 

Seçici aktivliyi 2 saylı cəzaçəkmə müəssisəsində də müşahidə olunub.

 

Seçici Azər İsrafilov: "2 saylı cəzaçəkmə müəssisəsində seçkilərlə bağlı müəyyən hazırlıqlar gedib. Bütün məhkumların şəxsiyyət vəsiqələri paylanıb. Hazırda gördüyünüz kimi səsvermə keçirilir. Bu rayondan 5 namizəd var. Cəzaçəkmə müəssisəsinin rəhbərliyi hər bir şəraiti yaradıb, proses çox şəffaf keçirilir".

 

39 saylı seçki məntəqəsinin sədri Mübariz Zeynalov isə qeyd edib ki, seçki tam şəffaf keçir. Məhkumlar sərbəst gəlib istədikləri namizədə səs verir. Olduğumuz cəzaçəkmə müəssisələrində apardığımız müşahidələr zamanı qanun pozuntusu qeydə alınmayıb.


Seçici Nəcəf Səfərli: "Hər kəslə seçici hüququ haqqında maarifləndirmə aparılıb, məlumatlıyıq. Biz bura daxil olanda heç bir çətinliyimiz olmadı. Rahat, gizli, sərbəst səsvermə keçirilir".

 

Qeyd  edək  ki, bütün müəssisələrdə seçkilərlə bağlı lazımi maarifləndirmə işləri aparılıb. Məhkumlar MSK-nın müəyyən etdiyi formatda hazırlanan xüsusi vəsiqələrlə səs veriblər.  Səsvermə Gəncədə yerləşən 2 saylı İstintaq Təcridxanasında da fəallıqla müşahidə olunub. Gəncə 38 saylı Nizami 2-ci seçki dairəsinin məntəqədə təşkil olunan 25 saylı seçki məntəqəsində 780 nəfər seçici qeydiyyatdadır. Saat 12-yə kimi 420 məhkum səsvermədə iştirak edib.

 

Xatırladaq ki, Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisələrində 14 dairə üzrə 24 məntəqə fəaliyyət göstərir.

 

Müəllif | Apa.Tv