Göyçay və Ağdaşda yaşlı və xəstə seçicilər üçün daşınan qutu göndərilib

Noyabrın 1-də Azərbaycanın bütün bölgələrində olduğu kimi, Mingəçevir şəhərində, Göyçay, Ağdaş və Qəbələ rayonlarında da Milli Məclisə seçkilər keçirilir.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, həmin şəhər və rayonlarda fəaliyyət göstərən 5 seçki dairəsi dairə seçki komissiyasını əhatə edən 203 seçki məntəqəsi səhər saat 8.00-da öz qapılarını seçicilərin üzünə açıb. Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, bu şəhər və rayonlardakı 5 seçki dairəsi üzrə seçicilərin ümumi sayı 199 148 nəfərdir.

 

Səsvermənin azad, demokratik və şəffaf keçməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb, seçki məntəqələri zəruri texniki vasitələrlə, o cümlədən mürəkkəb balonları və ultrabənövşəyi lampalarla təchiz edilib. Bölgə üzrə 5 seçki dairəsinin 49 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Məntəqələrdə səsvermənin gedişini müxtəlif siyasi partiyalar və qeyri-hökumət təşkilatlarını təmsil edən 2267 nəfər yerli, habelə nüfuzlu beynəlxalq təşkilatlardan olan çoxlu sayda beynəlxalq müşahidəçi izləyir.

 

88 saylı Göyçay Dairə Seçki Komissiyasının sədri Eldəniz Həmidov APA TV-yə bildirib ki, dairənin tərkibinə daxil olan 43 seçki məntəqəsi üzrə 40 693 seçici qeydiyyata alınıb ki, onlardan 418-i ilk dəfə səs verən gənclərdir. Məntəqələrin 5-də veb-kameralar quraşdırılıb. Seçkilərin gedişini 478 nəfər yerli müşahidəçi izləyir. Səsvermə seçicilərin fəallığı şəraitində keçir. Seçicilərdən yaşı 80-dən yuxarı olanların sayı 60 nəfərdir ki, onlardan da 3-nün 100-dən yuxarı yaşı var. Ümumilikdə 60-a seçici yaşı və xəstəliyi ilə əlaqədar səsvermə məntəqəsinə gedə bilməyəcəyini bildirib və öz evində namizədinə səs verməsi üçün daşınan qutunun göndərilməsi ilə bağlı seçki məntəqəsinə müraciət edib.

 

89 saylı Göyçay-Ağdaş Dairə Seçki Komissiyasının sədri Nizam Məhərrəmov bildirib ki, 36 seçki məntəqəsi üzrə 38  447 seçici qeydiyyata alınıb. Seçki məntəqələrindən 18-i Ağdaşda, 18-i isə Göyçayda yerləşir. 12 seçki məntəqəsində veb kameralar quraşdırılıb. Seçicilərin 438 nəfəri səsvermədə ilk dəfə iştirak edir. Səsvermənin gedişini 466 nəfər yerli müşahidəçi izləyir. Hazırda Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası tərəfindən 89 saylı Göyçay-Ağdaş DSK-nın əhatə etdiyi Ağdaş rayonunun Yuxarı Qəsl və Şor Dəhnə kəndlərindəki 25 və 33 saylı seçki məntəqələrində “exit-poll” keçirilir.

 

90 saylı Ağdaş Dairə Seçki Komissiyasının sədri Nurəddin Babayev bildirib ki, dairə üzrə 40 seçki məntəqəsində seçicilərin ümumi sayı 39 994 nəfərdir ki, onlardan 556-sı ilk dəfə səs verənlərdir. Məntəqələrin 10-da veb-kameralar quraşdırılıb. Səsvermənin gedişini izləmək üçün 451 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib. Yaşı 80-dən yuxarı olan 684 nəfər seçici var ki, onlardan 5-nin yaşı 100-dən yuxarıdır. Dairə üzrə 167 nəfər seçici daşınan qutunun evə gətirilməsi ilə bağlı seçki məntəqələrinə müraciət edib. 90 saylı Ağdaş Dairə Seçki Komissiyasının 5, 20 və 37 saylı seçki məntəqələrində “exit-poll” keçirilir. 

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov