Azərbaycanın ən yaşlı seçiciləri səs verdi

89 saylı Göyçay-Ağdaş seçki dairəsi dairə seçki komissiyasının 24 saylı seçki məntəqəsi üç əsrin şahidi olan 126 yaşlı Gözəl Dadaşovanın istədiyi namizədə səs verməsini təmin edib.  

 

Dünyanın ən yaşlı sakinlərindən biri olan Gözəl Dadaşova APA TV-yə müsahibəsində deyib ki, noyabrın 1-də saat 10:00 radələrində Ağdaş rayonunun Qulbəndə kəndində yerləşən seçki məntəqəsinin üzvləri daşınan qutunu onun yaşadığı evə gətirərək, səsvermədə sərbəst şəkildə iştirakını təmin ediblər.

 

Ağdaşın Orta Qəsl kənd sakini olan 1889-cu il təvəllüdlü Gözəl Dadaşova özü ilə birgə yaşayan 77 yaşlı kiçik oğlu Soltan Dadaşovun, 79 yaşlı gəlini Hənifə Dadaşovanın, 53 yaşlı nəvəsi Hikmət Dadaşovun və onun 51 yaşlı həyat yoldaşı Gülçöhrə Dadaşovanın da parlament seçkilərində fəal iştirak etdiyini bildirib.

 

Yaşının çox olmasına baxmayaraq, sərbəst hərəkət edən və yaddaşından şikayəti olmayan 126 yaşlı Gözəl nənə dəfələrlə prezident, parlament və bələdiyyə seçkilərində iştirak etdiyini və bu gün də sərbəst şəkildə bülleteni dolduraraq seçki qutusuna atdığını bildirib.

 

Qeyd edək ki, Azərbaycanın ən uzunömürlü seçicisi olan Gözəl Dadaşovanın 2 övladı, 10 nəvəsi, 21 nəticəsi, 11 kötücəsi var.

 

Cənub bölgəsində isə Milli Məclisə keçirilən seçkilərdə iştirak edən ən yaşlı seçicinin 113 yaşı var.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, Cəlilabad rayonunun Ağdaş kənd sakini, 1902-ci il təvəllüdlü Xavər Məmmədova Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin 11 saylı seçki məntəqəsində ən layiqli namizədə səs verdiyini bildirib. 

 

Qeyd edək ki, ən yaşlı seçicinin qatıldığı 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində 38 min 914 seçici 35 məntəqədə 389 nəfər müşahidəçinin iştirakı ilə 8 nəfər deputatlığa namizədə səs verəcək. Burada  634 nəfər səsvermədə ilk dəfə iştirak edir.

 

Gəncə şəhərinin ən yaşlı seçicisi də Milli Məclisə keçirilən seçkilərdə iştirak edib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1905-ci il təvəllüdlü Zəhra Əhmədova Gəncə 38 saylı Nizami ikinci seçki dairəsinin 20 saylı seçki məntəqəsinə gələrək səs verib. Sağlamlığında ciddi problem olmayan, məntəqəyə piyada gələn Z. Əhmədova layiqli namizədə səs verdiyini deyib.

 

Məntəqə sədri Elenora Əsgərovanın sözlərinə görə, 110 yaşlı Zəhra Əhmədova hər seçkidə məntəqəyə gəlib səs verir.

Müəllif | Apa.Tv