Qarabağ bölgəsində seçki - REPORTAJ
Bu gün Qarabağ ətrafı rayonlarda da V çağırış Milli Məclisə seçki keçirilir. APA TV-nin xəbərinə görə, qoşunların təmas xəttinə yaxın ərazilərdə yerləşən rayonlardakı dairə seçki komissiyaları üzrə heç bir neqativ hal qeydə alınmayıb.
81 saylı Beyləqan DSK-nın sədri Zakir Vəlişov APA TV-yə müsahibəsində bildirib ki, 45 məntəqədə seçki prosesi aparılır. Bunların arasında hərbi hissələrdə var. Ümumilikdə 39544 seçicinin 6 namizəd arasından öz millət vəkilini seçmə şansı var. Seçkinin gedişatını qeydiyyatdan keçmiş 270 nəfər müşahidəçi izləyir. 5 məntəqədə isə quraşdırılan veb kameralar seçkinin gedişatını canlı izləmək imkanı yaradır. Sədr onu da bildirib ki, MDB ölkələrindən olan 2 xarici müşahidəçi seçki prosesin izləyir.
82 saylı Ağcabədi DSK-nın sədri Nadir Qurbanov 49 məntəqəsində seçki keçirildiyini bildirib. Ümumi sayı 47 241 nəfər olan seçicinin 2 min nəfərdən çoxunun hərbçi olduğu bildirilir. 8 namizədin mübarizə apardığı seçki prosesini 470 nəfər müşahidəçi izləyir. Xarici müşahidəçilərdən isə MDB ölkələrindən iki müşahidəçi qeydiyyatdan keçib. 7 məntəqədə quraşdırılan veb-kameranın köməyi ilə istənilən zaman seçkini gedişatını birbaşa izləmək mümkündür.
84 saylı Füzuli DSK-nın sədri Ramiz Teymurov bildirib ki, 47 852 seçicisi 73 məntəqədə öz səsini istədiyi namizədə verəcək. Bu məntəqələrdən 2-si ərazidə yerləşən “N” saylı hərbi hissənin tərkibində fəaliyyət göstərir, 25 seçki məntəqəsi isə respublikanın 12 rayon və şəhərində yerləşir. 7 məntəqədə seçki prosesini izləmək üçün veb-kamera quraşdırılıb. 264 müşahidəçi seçkini izləmək üçün qeydiyyatdan keçib.
Bərdədə parlament seçkilərində 87 694 nəfər seçicinin səs verməsi gözlənilir. Səsvermə 2 dairə, 93 saylı Bərdə şəhər və 94 saylı Bərdə kənd dairəsi üzrə keçiriləcək. 93 saylı Seçki Dairəsinin Şakir Əliyev bildirib ki, dairə üzrə 50 məntəqə var, bunların 2-də hərbiçilər səs verəcək. 11 məntəqədə veb-kameralar quraşdırılıb ki, seçkinin gedişatını canlı izləmək mümkün olacaq. Sözügedən dairə üzrə 6 nəfər parlamentə yer uğrunda mübarizə aparacaq. Xarici müşahidəçi qeydiyyatdan keçməyib.
Bu gün 94 saylı Bərdə kənd dairəsi üzrə isə 54 məntəqə var. Bunlardan da 5-də veb-kamera quraşdırılıb. Burada 6 namizəd mübarizə aparır.
118 saylı Ağdam Şəhər DSK-nın sədri Ramiz Səfərov dairənin mərkəzi binası Ağdamın Quzanlı qəsəbəsində yerləşdiyini, lakin əhatə etdiyi 46 məntəqənin respublikanın müxtəlif şəhər və rayonlarında yerləşdiyini deyib. Seçkilərin gedişatını izləmək üçün 410 nəfər müşahidəçi qeydiyyatdan keçib. 577 nəfər ilk dəfə parlament seçkilərində iştirak edəcək. Sədr onu da qeyd edib ki, paytaxtda olan məntəqələrdə MDB ölkələrindən olan iki müşahidəçi seçkilərin gedişatını izləyir.
119 saylı Ağdam kənd DSK-nın sədri Rövşən Şükürov bildirib ki, 45 məntəqədə seçki prosesi gedir. Bunların arasında cəbhə xəttində yerləşən “N” saylı hərbi hissələrdəki qapalı məntəqələr də var. Həmin məntəqələrdə əsgər və zabitlər parlament seçkilərində iştirak edəcək. Ümumilikdə isə 41 629 seçici öz hüququnda istifadə edərək öz namizədinə səs verir. Seçkilərin gedişatını 447 nəfər müşahidəçi izləyir. İki seçki məntəqəsində kamera quraşdırılıb. 4 məntəqədə “exit-poll” keçirilir.
121 saylı Laçın Dairə Seçki Komissiyasının sədri Hüseyn Səfərov dairə üzrə 102 məntəqədə beş namizədin mübarizə apardığını deyib. Məntəqələr respublikanın 48 şəhər və rayonunda yerləşir. Ümumilikdə 700 nəfər müxtəlif partiya və təşkilatlardan olan müşahidəçi qeydiyyatdan keçib. Məntəqələrdə bu anadək heç bir neqativ hal qeydə alınmayıb.