Bu il xarici ali məktəblərə 300 tələbə qəbul edilib
Bu il "Xaricdə təhsil" proqramı çərçivəsində xarici ali məktəblərə 300 tələbə qəbul edilib. APA TV xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov dövlət televiziyasının canlı efirində bildirib. Nazirin sözlərinə görə, seçim davam edir və bu il xarici ali məktəblərə 500-600 tələbənin qəbulu proqnozlaşdırılır. Mikayıl Cabbarov deyib ki, xaricdə təhsil proqramında bu ildən bir sıra yeniliklər edilib və bunlardan ən mühümü şəffaflığın artırılmasıdır. Artıq hər bir abituriyentlə fərdi müsabiqə keçirilir və müsabiqə komissiyasına Təhsil Nazirliyi ilə yanaşı digər dövlət orqanlarının da nümayəndələri cəlb ediliblər.
Mikayıl Cabbarov bəyan edib ki, xaricdə təhsil Azərbaycan üçün nə qədər mühüm olsa da, hökumət buna ortamüddətli proqram kimi baxır. Əsas məsələ gənclərin Azərbaycanda təhsil almasıdır.
Nazir son aylar Təhsil Nazirliyində aparılan struktur dəyişiklikləri və kadr islahatlarına aydınlıq gətirib. Onun sözlərinə görə, bunun bir neçə səbəbi var. Mikayıl Cabbarov vurğulayıb ki, hər bir struktur daimi optimallaşdırma barədə düşünməlidir. Onun dediyinə görə, təhsil sistemi çox böyük sistem olsa və burada işləyənlərin sayı çox olsa da Təhsil Nazirliyində və aparatında işləyənlərin sayı elə də çox deyil. Nazir qeyd edib ki, bu da hər vakansiyanın, insanın və yeri dəyərləndirilməsini məcbur edir.
Mikayıl Cabbarov qeyd edib ki, Azərbaycan universitetləri regional, qlobal rəqabət üçün hazır olmalıdırlar.