Bölgələrdə “exit poll” - REPORTAJ
Azərbaycanın şimal bölgəsində 6 Dairə Seçki Komissiyasının 16 seçki məntəqəsində “exit poll” keçirilir.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, 51 saylı Qusar seçki dairəsində 1, 52 saylı Quba seçki dairəsində 4, 53 saylı Quba-Qusar seçki dairəsində 6, 54 saylı Şabran-Siyəzən seçki dairəsində 2, 55 saylı Xaçmaz şəhər seçki dairəsində 2, 56 saylı Xaçmaz kənd seçki dairəsində isə 1 məntəqədə “exit poll” baş tutub.
Xaçmazda “exit poll” “ELS” Müstəqil Araşdırmalar Mərkəzi və Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiə Mərkəzi “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa) keçirir.
Şimal bölgəsində qeydə alınan seçicilərin sayı 278 min 72 nəfərdir. Onlardan 2 min 894 nəfəri ilk dəfə səs verən gənclərdir. Bu bölgənin ən yaşlı seçicisi isə Şabran rayonunun Şahnəzərli kəndinə yaşayan 109 yaşlı Kübra Qasımovadır.
Şirvan və Hacıqabul-Kürdəmir Seçki dairələri üzrə 12 məntəqədə “exit poll” keçirilir. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, 46 saylı Şirvan Seçki Dairəsi üzrə Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu və Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiə Mərkəzi 2, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi isə 5 məntəqədə “exit poll” keçirir.
58 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsi üzrə ABŞ-ın “AJF & Associates İnc.” şirkəti 2, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi isə 3 məntəqədə “exit poll” keçirir.
109 saylı Balakən və 111 saylı Zaqatala-Balakən seçki dairələri üzrə 4 məntəqədə “exit poll” keçirilir. APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, dairənin 8 məntəqəsində veb-kamera quraşdırılıb. Dairə üzrə 412 yerli müşahidəçi seçki prosesini izləyir. Dairənin 2 məntəqəsində “ELS” Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən “exit poll” keçirilir.
Sorğu keçirən şirkətlər “exit-poll”un nəticələrini səsvermə başa çatdıqdan dərhal sonra açıqlayacaqlar.