Doğum gününü seçki məntəqəsində qeyd etdi

Aytac Əhmədova 55 saylı Xaçmaz şəhər seçki dairəsində bu gün seçki hüququ qazanan iki gəncdən biridir. APA TV-nin şimal bürosunun xəbərinə görə, bu gün onun 18 yaşı tamam olur.

 

Rayonun Arzu qəsəbəsində anadan olan gənc bu gün parlament seçkilərində ilk dəfə seçki hüququndan istifadə edib.

 

İlk dəfə səsvermə prosesində iştirak edən Aytac Əhmədova Mərkəzi Seçki Komissiyasının da diqqətindən yayınmayıb. Gənc seçiciyə xüsusi kart  və gül dəstəsi təqdim olunub.

 

55 saylı Xaçmaz şəhər seçki dairəsinin 36 saylı məntəqəsi Xaçmaz rayonu Arzu qəsəbəsində yerləşir. Məntəqədə 835 nəfər seçici qeydiyyata alınıb ki, onlardan da 12 nəfəri ilk dəfə səsvermə hüququndan istifadə edən gənclərdir. Məntəqədə səsverməni 10-a yaxın yerli müşahidəçi izləyib.

 

55 saylı Xaçmaz şəhər seçki dairəsində builki parlament seçkilərində 445 nəfər ilk dəfə səs verəcək. Azərbaycanda isə bu gün 252 nəfərin 18 yaşı tamam olur və onlar ilk dəfə səsvermə prosesində iştirak edirlər.

 

Müəllif | Apa.Tv
Vəli Turan