MDB müşahidəçiləri: "Vətəndaşların öz iradəsini ifadə etmək hüququ təmin olunub"

“Gəncədə seçki prosesi düzgün təşkil olunub”. Bu fikri MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının üzvü Valeri Çaynikov APA TV-nın qərb bürosuna müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, bu gün saat 7.40-dan başlayaraq məntəqələrdə müşahidələr aparmağa başlayıblar. Seçki barədə təəssüratlarının yüksək olduğu deyən V.Çaynikov səhər saatlarından məntəqələrdə aktivliyin zəif olduğunu bildirib: “Bu da yəqin bazar günü olduğu üçündür. Vətəndaşlar bir qədər dincəlmək istəyir. Lakin saat 10.00-dan sonra biz məntəqələrə axın gördük. Bu da çox sevindiricidir. Nə qədər çox seçici səsverməyə gələrsə, parlament o qədər legitim olacaq. İnsanlar ruh yüksəkliyi ilə bayram əhval ruhiyyəsi ilə seçkilərə gəlirlər. Bir 87 yaşlı ağsaqqal gəlib səs verdi və gedəndə bildirdi ki, prezident seçkilərinə də gələcək. Çox xoşdur ki, insanlar öz ölkələrinin taleyini düşünürlər, onun gələcəyini daha işıqlı görmək istəyirlər. Əsas odur ki, burda qanunun tələbləri, o cümlədən səsvermənin gizliliyi, vətəndaşların öz iradəsini ifadə etmək hüququ və seçkinin şəffaflığı təmin olunub. Uğurlar arzulayıram”.

 

MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının digər üzvü Valeh Abbasov da seçkilərin beynəlxalq standartlar səviyyəsində keçirildiyini bildirib. Onun sözlərinə görə, seçkilərin təşkilatçılığı yüksək səviyyədədir və getdikləri  məntəqələrdə səhər saatlarında gənclərin daha çox seçkiyə gəldiklərini müşahidə ediblər: “Azərbaycanda seçki yüksək səviyyədə təşkil olunub. Mən bu haqda Azərbaycan qanunvericiliyini də öyrənmişəm. Biz ancaq sizə qibtə edə bilərik, sizi təbrik edə bilərik. Seçki ilə bağlı qanunvericilik tam təmin olunub, heç bir qanun pozuntusu da olmayıb. Düşünürəm ki, prosesin axırında biz tam əminliklə deyə bilərik ki, Azərbaycanda qanun hərtərəfli təmin olunub. Narazı adamlara rast gəlmədik. Burda görürük ki, gənclər tərəfindən exit-poll da təşkil olunub. Əmin olursan ki, xalq o adamları seçmək istəyir ki, xalqa xidmət eləsinlər”.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli