Azad Rəhimov vətəndaşları qəbul edib
Gənclər və idman naziri Azad Rəhimov bu gün Gəncə şəhərində vətəndaşları qəbul edib. Qəbulda Gəncə şəhərinin, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Naftalan və Tovuz rayonlarının sakinləri iştirak ediblər. APA TV xəbər verir ki, Gəncə Dövlət Aqrar Universitetinin baş binasında təşkil edilən qəbulda ümumilikdə 60-dan çox vətəndaş iştirak edib.
Qəbula gələn vətəndaşlar əsasən, güzəştli ipoteka krediti, idman sahəsində fəxri ad almaq, rayonlarda gənclər mərkəzinin tikintisi, stadionların təmiri, idman bölmələrinin açılması, zalların və meydançaların tikintisi, mövcud zalların təmiri, idman avadanlıqları ilə təminat, gənclərlə iş sahəsində QHT yaradılmasına dəstək üçün, sahibkarlıq fəaliyyəti üçün güzəştli kredit almaq, işə düzəlmə, müalicə, təhsil haqqının ödənilməsi üçün maddi yardım istəyi və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər.
Qəbulda Gənclər və İdman Nazirliyinin aparat rəhbəri və şöbə müdirləri də iştirak ediblər.
Vətəndaşların Gənclər və İdman Nazirliyinə aid olan müraciətlərindən bəziləri qəbul zamanı elə yerindəcə həllini tapıb. Nazir Azad Rəhimov digər məsələlərin Bakıda araşdırılaraq vətəndaşların müraciərlərinin müsbət həlli üçün müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, Gənclər və idman naziri Azad Rəhimovun növbəti qəbulu sentyabrın 21-də Sumqayıt şəhərində olacaq.